Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 May 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası Silahlı Qüvvələri gücləndikcə bunu gözü götürməyənlərin sayı da artır. Biz buna heç təəccüb də etmirik. Çünki qüdrətli Azərbaycan Ordusunun mövcudluğu bu gün bəzi xarici dövlətləri narahat etdiyi kimi ölkədaxili bir sıra qara qüvvələri də rahat buraxmır. Ona görə də son zamanlar Müdafiə Nazirliyinə, onun rəhbərliyinə qarşı uydurma, böhtan dolu çıxışlarını davam etdirirlər. Özü də bu məkirli prosesdə vaxtı ilə Azərbaycan Ordusunda yararsız işlərlə məşğul olduqlarına görə Silahlı Qüvvələr sıralarından kənarlaşdırılan bəzi dırnaqarası hərbi ekspertlər daha aktiv görünürlər. Orduda nəyinsə baş verdiyi gün onlar üçün sanki ən sevindirici günlərdən birinə çevirilir. Qəribədir ki, erməni düşmənləri Azərbaycan Ordusunun güclənməsindən xoflandıqları halda içimizdəki bəzi üzdəniraq adamlar və qeyri-hökümət təşkilatları ordumuzun zəifliyi və burada güya ki, hansısa neqativ halların baş qaldırdığı barədə yalan və heç bir əsası olmayan məlumatlar yayırlar. Bunun hansı məqsədlərə xidmət etdiyi hər bir Azərbaycan vətəndaşına gün kimi aydındır.
May ayının 11-də özlərini qeyri-hökümət təşkilatlarının nümayəndəsi qismində qələmə verən iki şəxsin uydurmalarını, məsuliyyətsiz çıxışlarını yalnız bu cür qiymətləndirmək mümkündür.
Vətənin keşiyini çəkən, səngərlərimizdə düşmənə qarşı sinələrini sipər edən hərbi qulluqçularımızın mənafeyi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, Müdafiə Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır, bu məsələdə hər hansı bir qayğı və hüquqi aktlarla nəzərdə tutulan güzəştlər əsirgənilmir. Daha konkret ifadə etsək, hərbi qulluqçuların vəzifə maaşlarından tutmuş onların digər sosial müdafiəsi normativ hüquqi aktlar əsasında aparılır.