Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Mart 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 27-də Müdafiə Nazirliyində general-polkovnik Səfər Əbiyevin dəvətilə Azərbaycana rəsmi səfərə gəlmiş Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant İsmayıl İsakovun təntənəli qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfınə Azərbaycan Silahlı Qüvvələrinin Fəxri Qaravulu düzülmüş, Qırğızıstan və Azərbaycan respublikalarının dövlət himnləri səslənmişdir.
General-polkovnik S.Əbiyev Qırğızıstan Respublikasının müdafiə naziri ilə təkbətək görüşmüş, sonra isə nümayəndə heyətini geniş tərkibdə qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, bu vaxta qədər Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında ümumi hərbi əməkdaşlıq və hərbi kadrların hazırlanması sahəsində iki Saziş imzalanmışdır. Bundan əlavə Azərbaycan və Qırğızıstan dövlətləri MDB ölkələrinin Müdafiə Nazirləri Şurası və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığı uğurla davam etdirirlər. O, demişdir: “Əminəm ki, biz bu əməkdaşlığı dövlətlərimizin müstəqilliyinin və Silahlı Qüvvələrimizin daha da möhkəmlənməsi naminə davam etdirməli və yeni sazişlər imzalamalıyıq”.
General-leytenant İ.İsakov səmimi qəbul üçün Azərbaycanın müdafiə nazirinə nümayəndə heyəti adından təşəkkür edərək səfər proqramının maraqlı keçdiyi haqqında onu məlumatlandırmışdır. O, qeyd etmişdir ki, iki dövlətin Müdafiə nazirlikləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığın davam etdirilməsi hər iki dövlətin mənafeyinə xidmət edir. O, demişdir: “İnanıram ki, mənim Azərbaycana bu səfərim nazirliklərimiz arasında əməkdaşlığın daha da güclənməsinə təkan verəcəkdir”.
General-leytenant İ.İsakov hərbi əməkdaşlığın istiqamətləri haqqında general-polkovnik S.Əbiyevlə geniş fikir mübadiləsi etmişdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri haqqında qonaqlara məlumat vermişdir. O, regionda Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi, işğal etdiyi Azərbaycan ərazilərində külli miqdarda uçotsuz silah və sursat yerləşdirməsi barədə qonaqları məlumatlandırmışdır. O, demişdir: “Azərbaycan bu münaqişəni beynəlxalq hüquq normaları əsasında və öz ərazi bütövlüyü çərçivəsində həll etmək niyyətindədir və buna nail olacaqdır. Azərbaycan dövləti bu qəti mövqeindən heç zaman dönməyəcəkdir. Nəticədə Ermənistanın işğalçılıq niyyətləri puça çıxacaqdır”.
Görüşdə tərəflər Azərbaycan-Qırğızıstan hərbi münasibətləri ətrafında geniş fikir mübadiləsi etmişlər.