Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Mart 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmonsu və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri NATO-nun nümayəndə heyətini növbəti dəfə Azərbaycanın Müdafiə Nazirliyində salamladığından məmnun olduğunu söyləmiş və qeyd etmişdir ki, siz bizim regionla çox intensiv işləyirsiniz və bunun da nəticələri göz qabağındadır.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı”nı NATO-nun Baş Katibinə təqdim etdikdən sonra bu planın müddəalarının yerinə yetirilməsi intensiv xarakter almışdır. Biz bundan sonra da bu iş tempini saxlamağa çalışacaq və bu planın bütün tələblərini yerinə yetirəcəyik.
Səmimi qəbula görə general-polkovnik S.Əbiyevə təşəkkür edən cənab R.Simmons NATO-Azərbaycan əlaqələrinin daha da sıxlaşması üçün əlindən gələni əsirgəməyəcəyini söyləmişdir.
General-polkovnik S.Əbiyev “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı”nda nəzərdə tutulan əsas tədbirlərin artıcı reallaşdığını vurğulamışdır. O, qeyd etmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemi demək olar ki, tam şəkildə NATO standartları ilə işləyir, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrində təlimlər və treninqlər NATO standartlarına uyğun keçirilir. Bu işdə ABŞ və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mütəxəssisləri və digər NATO üzvü və  tərəfdaş dövlətlərin Silahlı Qüvvələri öz köməyini bizdən əsirgəmir.
O, demişdir: “Biz “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı”nın müddəalarını fasiləsiz surətdə hayata keçirməyi sona qədər davam etdirəcəyik. Düzdür, bu uzun müddətli prosesdir. Buna baxmayaraq biz bu planın bütün müddəalarını hayata keçirmək əzmindəyik”.
Cənab R.Simmons ətraflı fikir mübadiləsi üçün general-polkovnik S.Əbiyevə təşəkkür etmiş və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Əfqanıstanda və Kosovoda NATO ilə çiyin-çiyinə beynəlxalq terrorizmə qarşı mübarizə apardığına görə minnətdarlıq etmişdir. O, demişdir: “Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar bir NATO nümayəndəsi olaraq məni çox sevindirir. Mən bundan sonra da Azərbaycan-NATO əlaqələrinin intensiv xarakter almasını arzulayıram. Cənab R.Simmons qeyd etmişdir ki, NATO rəhbərliyi bu yaxınlarda Azərbaycanla fərdi tərəfdaşlığın yeni fəaliyyət planını imzalamağı planlaşdırır. İnanıram ki, bu plan Azərbaycan dövlətinin ümummilli mənafeyi baxımından daha da mükəmməl olacaqdır.”
Görüş zamanı general-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində söhbət açaraq söyləmişdir ki, Ermənistan dövləti regionda öz işğalçılıq siyasətini davam etdirməkdədir. Ermənistan dövlətinin bu siyasəti bizi onun münaqişənin tənzimlənməsini istəməməsi qənaətinə gətirir. Azərbaycan da bu niyyətlərdən konkret nəticə çıxararaq istənilən yolla öz torpaqlarını azad etmək üçün tədbirlər görməyə məcburdur. O, demişdir: “Ermənistan dövləti öz havadarlarının köməyi ilə silahlanmağı davam etdirir və Avropada Adi Silahlar haqqında Müqavilanin şərtlərini pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində külli miqdarda uçotsuz hərbi texnika və silah-sursat yerləşdirir. Bu isə regionda vəziyyəti daha da təhlükəli hala gətirir. Azərbaycan on dörd ildir bu barədə öz narahatlığını bəyan edir. Lakin təəssüflər olsun ki, nə NATO, nə də Avropada Adi Silahlar haqqında Müqaviləni imzalayan dövlətlər onun bu çağırışına heç bir reaksiya vermirlər. Belə olduğu təqdirdə Azərbaycan nə etməlidir? Hansı vasitələrə əl atmalıdır? Bir yol qalır: “Azərbaycan bütün vasitələrdən istifadə edərək öz ərazilərini işğalçıdan təmizləməyə hazır olmalıdır”.
Görüşdə tərəflər Azərbaycan-NATO əlaqələrinin perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.