Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Republikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Hüseyn Avni Karslıoğlunu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq onu Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilməsi münasibətilə təbrik etmiş və Azərbaycan-Türkiyə əlaqələrinin yeni səviyyəyə qaldırılmasında ona uğurlar arzulamışdır.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan-Türkiyə əlaqələri heç bir digər dövlətlər arasında olan əlaqələrə bənzəmir. O, demişdir: “Çünki bizim tariximiz, dinimiz, dilimiz birdir və əlaqələrimiz günü-gündən möhkəmlənir. Ötən ildən isə Azərbaycan Türkiyə ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri vasitəsilə biri-birinə bağlanmışdır. Əlaqələrimiz bütün sahələrdə olduğu kimi müdafiə sahəsində də genişlənməkdə və dərinləşməkdədir”.
Səfir H.A.Karslıoğlu qəbul üçün müdafiə nazirinə təşəkkür edərək bildirmişdir ki, fəaliyyətim dövründə çalışacağam ki, Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf etməsində daha da faydalı rol oynayım.
Sonra o, diplomatik fəaliyyəti haqqında general-polkovnik S.Əbiyevə ətraflı məlumat vermişdir.
Tanışlıq xarakteri daşıyan görüş zamanı tərəflər Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakter daşıdığını dönə-dönə vurğulamış və bundan sonra da bu münasibətlərin strateji plan əsasında inkişaf etdirilməsi qənaətində olmuşlar.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vəziyyəti haqqında səfirə ətraflı məlumat vermişdir.
Görüş zamanı tərəflər müdafiə sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının bugünki vəziyyəti və gələcək perspektivləri haqqında geniş fikir mübadiləsi etmişlər.