Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmonsun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
General-polkovnik S.Əbiyev qonaqları salamladıqdan sonra cənab R.Simmons NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Zbiqnev Ribatskini Azərbaycanın Müdafıə nazirinə təqdim etdi.
NATO-Azərbaycan əməkdaşlığının prioritetlərinə toxunan Müdafiə naziri bildirdi ki, bu istiqamətdə indiyədək böyük irəliləyişlər əldə olunmuşdur. Getdikcə bu, daha geniş xarakter alacaqdır. Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (IPAP) birinci mərhələsinin uğurla yerinə yetirilməsini buna konkret misal çəkə bilərik. Planın ikinci mərhələsi NATO ilə daha geniş əməkdaşlığı nəzərdə tutur və Azərbaycan IPAP-ın növbəti mərhələsini də müvəffəqiyyətlə həyata keçirmək əzmindədir.
Hərbi doktrinanın hazırlanması ilə bağlı məsələyə münasibətini bildirən Müdafiə naziri S.Əbiyev qeyd etdi ki, Milli Təhlükəsizlik Konsepsiyasının təsdiq edilməsindən sonra bu istiqamətdə intensiv işlər aparıldı. Sənəd artıq tam hazırdır və qəbul olunmaq üçün müvafıq orqana təqdim edilmişdir. Sənəddə NATO ilə əlaqələrin perspektivləri daha geniş spektri əhatə edir.
Sonra o, Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlarla bağlı qonağa məlumat verdi və hərbi təhsil sisteminin, ştat struktularının, təlim və treninqlərin bütövlükdə NATO standartlarına uyğunlaşdırılması, müasir tələblərə cavab verən simulyasiya mərkəzi və poliqonların yaradılması barədə öz fikirlərini söylədi. Nazir qeyd etdi ki, indiyədək NATO standartlarına uyğun çoxlu sənəd hazırlanmışdır ki, bunu da qısa müddət ərzində əldə edilmiş böyük nailiyyət kimi qiymətləndirmək olar.
  Görüş zamanı Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində fikir mübadiləsi aparıldı. General-polkovnik S.Əbiyev bildirdi ki, Ermənistan regionda işğalçılıq siyasəti yürüdür, öz havadarlarının köməyi ilə silahlanmağı davam etdirir və Azərbaycanın işğal olunmuş ərazilərində qeydiyyatı aparılmayan külli miqdarda hərbi texnika və silah-sursat yerləşdirir. Bu isə regionda vəziyyəti daha da təhlükəli hala gətirir.
Nazir S.Əbiyev həmçinin Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması, bu istiqamətdə aparılan işlərdən də söhbət açdı və qeyd etdi ki, bu sahədə intensiv yenidənqurma işləri aparılır, Azərbaycan hökuməti prosesə xüsusi diqqət ayırır. Mən ümid edirəm ki, gələn il biz bunun bəhrəsini görəcəyik.
Səmimi qəbula görə general-polkovnik S.Əbiyevə təşəkkür edən cənab R.Simmons IPAP-ın birinci mərhələsinin uğurla başa çatdığını, Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirdiyini vurğuladı. O, NATO-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirdi və IPAP-ın ikinci mərhələsinin də uğurla başa çatacağına inamını ifadə etdi.
Görüşdə Azərbaycan-NATO əlaqələrinin perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.