Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Parlament Assambleyasının Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsi Demokratik İdarəçilik üzrə Alt Komitəsinin sədri cənab Çetin Kazakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
Qonaqları salamlayan nazir Azərbaycanda son illər həyata keçirilən işlərdən, xüsusilə beynəlxalq layihələrin doğurduğu müsbət nəticələrdən söhbət açdı. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və tikintisi yaxın zamanlarda başa çatacaq qaz kəmərinin əhəmiyyətindən danışan S.Əbiyev bildirdi ki, hər iki layihə Avroatlantik məkanın enerji təhlükəsizliyinə böyük töhfədir. Artıq Azərbaycan dünyada enerji ixrac edən ölkə kimi nüfuz qazanmışdır.
Müdafiə naziri Azərbaycanın NATO ilə əməkdaşlığı sahəsində əldə etdiyi təcrübəyə də münasibətini açıqladı. O, qeyd etdi ki, bu istiqamətdə ildən-ilə nəzərə çarpacaq inkişaf baş verir və əlaqələr daha da genişlənir. Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının müddəalarının müvəffəqiyyətlə yerinə yetirilməsi konkret misaldır. Azərbaycan Ordusu bu gün tamamilə NATO standartlarına keçmiş, təlim, tədris və treninqlər bütünlüklə bu standartlara uyğunlaşdırılmışdır. Hər il Azərbaycanın 1000-dən çox zabiti NATO-nun müxtəlif tədbirlərində, sülhməramlı bölmələrimiz isə Kosovo və Əfqanıstanda keçirilən əməliyyatlarda uğurla iştirak edirlər.
Görüş zamanı nazir S.Əbiyev Cənubi Qafqaz regionundakı vəziyyətlə əlaqədar da öz təəssüratlarını qonaqlarla bölüşdü. O bildirdi ki, regionda vəziyyət gərgin olaraq qalır və bu, həyata keçirilən irimiqyaslı iqtisadi layihələri təhlükə altında qoyur. Belə bir vəziyyət nəinki Azərbaycanı, o cümlədən bütün beynəlxalq təşkilatları və NATO-nu ciddi narahat etməlidir.
Nazir Ermənistanın işğalçı siyasət yürütdüyünü, münaqişənin dinc yolla həllində destruktiv mövqe nümayiş etdirdiyini qonaqların diqqətinə çatdırdı və vəziyyətin bu cür davam edəcəyi təqdirdə Azərbaycanın çox ciddi addımlar ata biləcəyini vurğuladı.
Görüşün sonunda general-polkovnik S.Əbiyev qonaqları maraqlandıran suallara cavab verdi.