Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 13-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqı Cənubi Qafqaz Parlamentlər arası Əməkdaşlıq Komitəsinin həmsədri xanım Mari Ann İsler Beqonin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
Nazir Səfər Əbiyev qonaqları salamlayaraq Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən indiyə qədər keçdiyi yol barədə onlara məlumat verdi. O, bildirdi ki, ölkəmiz müstəqillik qazandığı gündən Avropaya inteqrasiya prosesinə üstünlük vermiş və indi də bu əlaqələrin inkişafına böyük diqqət yetirir. Azərbaycan bir sıra beynəlxalq layihələrə qoşulmuşdur. Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri, başa çatmaqda olan Bakı-Tbilisi-Ərzurum qaz kəməri dediklərimizə əyani sübutdur.
Görüş zamanı nazir S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətdən danışaraq bildirdi ki, Ermənistanın Azərbaycana təcavüzü və onun işğalçılıq siyasətini davam etdirməsi bölgədə situasiyanı daha da gərginləşdirir. Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə BMT TŞ-nın qəbul etdiyi məlum 4 qətnamənin heç biri yerinə yetirilməmişdir. Əksinə Ermənistan Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin tələblərini pozaraq nəzərdən tutulduğundan daha çox silah və sursata yiyələnmiş, heç bir qeydiyyatı aparılmayan bu arsenalın böyük bir hissəsini işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirmişdir. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı bu məsələdə öz mövqeini açıcı şəkildə bildirməlidir. Biz bundan çox narahatıq.
Nazir S.Əbiyev sözünə davam edərək qeyd etdi ki, buna görə də Azərbaycan zəruri tədbirlər görmək məcburiyyəti qarşısında qalır. Biz münaqişənin dinc yolla həllinə üstünlük veririk, Azərbaycan sülhün tərəfdarıdır. Ancaq bu dözümlülük  sonsuza qədər gedə bilməz. Azərbaycan istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən öz ərazi bütövlüyünü təmin etməyə qadirdir.
Xanım Mari Ann İsler Beqon səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edərək Azərbaycanın Ermənistanla münasibətlərindən və Azərbaycana qonşuluq səpgisində göstərilən təhdiddən xəbərdar olduğunu bildirdi.
Görüş zamanı Müdafiə naziri general-polkovnik S.Əbiyev Azərbaycanın hərbi büdcəsinin artırılması və Qəbələ RLS-lə bağlı qonağı maraqlandıran suallara ətraflı cavab verdi.