Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Sentyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixails Popkovsi onun xahişi ilə qəbul etdi. Görüş zamanı səfir Latviya Respublikası Silahlı Qüvvələrinin Azərbaycandakı yeni hərbi attaşesi polkovnik Andris Yakobsonu Müdafiə naziri general-polkovnik S.Əbiyevə təqdim etdi.
Qonaqları salamlayan nazir Səfər Əbiyev Azərbaycan, Latviya Respublikalarının hazırkı əlaqələrindən söhbət açdı və bu əlaqələrin daha da inkişaf etdirilməsi barədə səylərin birləşdirilməsini önə çəkdi. Görüş zamanı Müdafiə naziri S.Əbiyev NATO-ya inteqrasiyada Latviyanın əldə etdiyi təcrübə ilə maraqlandı. Səfir bu barədə Müdafiə nazirinə ətraflı məlumat verdi.
Nazir S.Əbiyev səfirə son illər Azərbaycanın dövlət rəhbərliyinin iqtisadi-sosial sahədə həyata keçirdiyi böyük işlərin müsbət nəticələrindən danışdı. O bildirdi ki, bu il Azərbaycan ümumi daxili məhsulun artımına görə lider dövlət səviyyəsinə qalxmışdır. İndi ölkənin hər bir tərəfində geniş quruculuq işləri aparılır. Nazir S.Əbiyev qeyd etdi ki, bu uğurların sayı daha çox ola bilərdi, yerləşdiyimiz bölgə də bundan daha çox səmərə əldə etmiş olardı. Ermənistanın işğalçı siyasəti buna ciddi maneçiliklər yaradır. Münaqişə uzun illər dayanıqsız vəziyyətdə qala bilməz, ya problem dinc yolla həll edilməli, ya da Azərbaycan ordusu öz torpaqlarını işğalçılardan azad edəcəkdir.
Görüş zamanı Müdafiə naziri general-polkovnik S.Əbiyevin bütün fikirləri ilə bölüşən səfir Mixails Popkovsi bildirdi ki, Latviya Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu gün də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır. Sözünə davam edən səfir sonda qeyd etdi ki, biz bu mövqeyimizdən heç vaxt geri çəkilməyəcəyik.