Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Rusiya Federasiyasının Müdafiə naziri Anatoliy Serdyukov Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə noyabrın 27-də Bakıya rəsmi səfərə gəlmişdir.
Cənab A.Serdyukov rəsmi səfərinə noyabrın 28-də Fəxri Xiyabanda Ümummilli lider H.Əliyevin məzarı və Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsi önünə əklillər qoymaqla başlamışdır.
Həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyində cənab A.Serdyukovun təntənəli qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənmişdir.
Sonra Müdafiə naziri general-polkovnik S.Əbiyev cənab A.Serdyukovu qəbul etmişdir. Əvvəlcə Müdafiə nazirləri təkbətək, sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşmüşlər.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan Rusiya ilə bütün sahələrdə uğurlu əməkdaşlıq edir. Ümid edirəm ki, sizin bu səfəriniz ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etməsinə təkan verəcəkdir.
O, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətə toxunaraq bildirmişdir ki, Ermənistan Respublikasının işğalçılıq siyasəti nəticəsində bölgədə mürəkkəb və gərgin vəziyyət qalmaqdadır. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin tələbləri hələ də yerinə yetirilməmişdir.
General-polkovnik S.Əbiyev fikrinə davam edərək bildirmişdir: "Təəssüf edirəm ki, bu günə kimi Müstəqil Dövlətlər Birliyi Ermənistanın işğalçı dövlət olduğuna münasibət göstərməmiş, bu istiqamətdə əməli bir addım atmamışdır".
Sonra o, Qəbələ RLS-in birgə istifadəsi ilə bağlı qeyd etmişdir ki, bu stansiya Azərbaycanın mülkiyyətidir, ona görə də onun fəaliyyəti ilə bağlı qərarlar Azərbaycanın iştirakı olmadan verilə bilməz.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən cənab A.Serdyukov ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyini bildirmişdir.
Sonra ikitərəfli hərbi əməkdaşlığın istiqamətləri və hərbi kadrların hazırlanması sahəsində gələcək əməkdaşlıq planları ətrafında maraqlı fikir mübadiləsi aparılmışdır.
Görüşün sonunda Müdafiə nazirləri 2008-ci il üçün ikitərəfli Hərbi Əməkdaşlıq Planını imzalamışlar.