Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Karolin Braunu qəbul etmişdir.
Tanışlıq xarakteri daşıyan görüşdə Müdafiə naziri qonağı yeni təyinatı münasibətilə təbrik etmiş və fəaliyyətində ona uğurlar arzulamışdır.
Görüşdə iki ölkə arasında əlaqələrin perspektivləri və Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində fikir mübadiləsi aparılmışdır.
Müdafiə naziri Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini yerinə yetirməyən Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaması uzun sürə bilməz. Azərbaycan münaqişənin dinc yolla nizamlanmasının tərəfdarıdır. Əgər sülh danışıcıları konkret bir nəticə verməsə biz ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində digər yollardan da istifadə edəcəyik.
Sonra general-polkovnik S.Əbiyev yeni səfirin fəaliyyəti dövründə iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə etmişdir.