Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2007 00:03

Müdafiə Nazirliyinin məlumatı

İraqda öz missiyasını həyata keçirən Azərbaycan sülhməramlı bölüyünün komandiri kapitan Nəsimi Cavadov nümunəvi xidmətinə görə bu yaxınlarda “ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı” ilə, bölüyün 6 zabiti, 7 giziri, 2 çavuşu və 7 əsgəri isə İraqdakı Çoxmillətli Qüvvələrin komandanlığı adından Fəxri Fərmanlarla təltif olunmuşlar.
Göstərdikləri peşəkarlığa, verilən tapşırıqları vaxtında yerinə yetirdiklərinə görə sülhməramlılarımız dəfələrlə Fəxri Diplomlara layiq görülmüş, şəxsi heyətin üzvləri komandanlıq tərəfindən mükafatlandırılmış, Müdafiə Nazirliyinin rəhbərliyi isə çoxsaylı təşəkkür məktubları almışdır.
Hal-hazırda “ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı” ilə təltif olunmuş Azərbaycan zabitlərinin sayı 2-dir. Daha əvvəl bu medal kapitan Cavid Abbasova təqdim edilmişdir.
Alınan xoş xəbərlər bir daha göstərir ki, sülhməramlı bölmələrimizin hərbi qulluqçuları üzərlərinə düşən məsuliyyəti dərk edir, Azərbaycan Respublikasını, onun xalqını, bayrağını və ordusunu layiqincə təmsil edirlər.
Yeri gəlmişkən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində 1997-ci ildə sülhməramlı bölük, sonra isə sülhməramlı tabur yaradılmışdır. Tabur Bakıdakı “N” saylı hərbi hissənin tərkibində fəaliyyət göstərir. Onun şəxsi heyətinin seçilməsinə xüsusi diqqət yetirilir.
Sülhməramlı tabur hərbi hissənin təlim-tədris bazasında taktiki hazırlıq, atəş hazırlığı, idman, xarici dil, yerli əhali ilə ünsiyyət qaydaları və digər mövzular üzrə intensiv hazırlıq keçir, əsgərlər ən azı 6 ay hazırlıq keçdikdən sonra sülhməramlı  missiyalara göndərilir.
Hazırda İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Kosovoda 34, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə 22 sülhməramlımız xidmət edir. Yaxın zamanlarda Əfqanıstandakı kontingentin sayının 2 dəfə artırılması nəzərdə tutulur.