Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 2008 00:02

Müdafiə Nazirliyinin məlumatı

Mayın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Aydoğan Babaoğlunu qəbul etmişdir.
Hörmətli qonağı Azərbaycanda görməkdən məmnunluğunu bildirən S.Əbiyev görüş zamanı Azərbaycanla Türkiyəni bir-birinə bağlayan çoxəsrlik tarixi, mənəvi, mədəni tellərin bu gün daha möhkəm və sarsılmaz olduğunu qeyd etmişdir. O, demişdir ki, Azərbaycan ən çətin anlarında Türkiyəni həmişə öz yanında hiss etmiş və dövlət müstəqilliyimizi tanıyan ilk ölkə də məhz Türkiyə Respublikası olmuşdur.
Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı inkişaf səviyyəsinə toxunan Müdafiə naziri bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurlu əməkdaşlıq münasibətlərinin qurulduğunu qeyd etmiş və bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır.
General-polkovnik S.Əbiyev Azərbaycan Ordusunda son illər yüksək tərəqqiyə nail olunduğunu, hərbi təlim və təhsilin müasirləşdirildiyini qonağın diqqətinə çatdırmışdır. Bu işdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinə dəstəyi daim nəzərə çarpmışdır.
Müdafiə nazirinin sözlərinə görə, Azərbaycanla qardaş Türkiyəni bir çox maraqlar birləşdirir. Burada işğalçı Ermənistanın Azərbaycan torpaqlarından geri çəkilməsi başlıca məqam kimi dayanır.
Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı A.Babaoğlu Azərbaycanın Müdafiə nazirinin fikirləri ilə tamamilə bölüşdüyünü və Türkiyənin bir millət iki dövlət prinsipinə bundan sonra da sadiq qalacağını ifadə etmişdir.
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Hulusi Kılıç və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Fahri Kır iştirak etmişlər.