Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 May 2008 00:02

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin dəvətilə Estoniya Müdafiə Qüvvələrinin komandanı general-leytenant Ants Laaneots mayın 29-da Bakıya iki günlük rəsmi səfərə gəlmişdir.
Qonaq rəsmi səfərinə Fəxri Xiyabanda ümummilli lider H.Əliyevin məzarı və Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsi önünə əklillər qoymaqla başlamışdır.
Sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində general-leytenant Ants Laaneotsun təntənəli qarşılanma mərasimi olmuşdur. Onun şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüş və hər iki ölkənin dövlət  himnləri səslənmişdir.
 Əvvəlcə Müdafiə nazirləri təkbətək, sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşmüşlər.
General-polkovnik S.Əbiyev hər iki ölkə arasında yaranan əməkdaşlıq münasibətlərindən razılığını ifadə edərək bildirmişdir ki, Estoniyanın NATO üzvü kimi qazandığı təcrübə Azərbaycan üçün böyük maraq kəsb edir. Azərbaycanın  “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə fəal əməkdaşlıq nəticəsində yiyələndiyi nailiyyətlərdən söhbət açan nazir S.Əbiyev İPAP səviyyəsində son illər xeyli irəliləyişlərin əldə edildiyini vurğulamışdır. Planın birinci mərhələsi uğurla yerinə yetirilmiş, ikinci mərhələyə artıq başlanılmışdır.  
Regionda mövcud hərbi-siyasi vəziyyətə toxunan S.Əbiyev bildirmişdir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqdadır. Münaqişənin dinc şəkildə nizamlanmasına maneçilik törədən Ermənistan BMT TŞ-nın qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirmir. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun səyləri də bir nəticə vermir. Nazir qeyd etmişdir ki, Azərbaycan öz ərazi bütövlüyünün təmin edilməsində heç bir güzəştə yol verməyəcəkdir, Ermənistan dinc yolla problemin həllini ləngitməkdə davam edərsə Azərbaycan bu münasibətlə qətiyyən barışmayacaq və nəyin bahasına olursa-olsun öz torpaqlarını işğaldan azad edəcəkdir. Ermənistan bunu birdəfəlik anlamalıdır.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən Estoniya Müdafiə Qüvvələrinin komandanı əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəfin maraqlarına uyğun olduğunu qeyd etmişdir. Münaqişəyə gəldikdə isə qonaq Azərbaycanın ərazi bütövlüyünün bərpasının  Estoniya üçün prinsipial mövqe təşkil etdiyini və işğal olunmuş torpaqların Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirmişdir.
Görüşdə hərbi əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır. Nazirin fikrincə ikinci mərhələdə də yüksək nəticələrə nail olmaq üçün NATO ilə əməkdaşlıq məsələləri daha geniş xarakter alacaqdır.  Avroatlantik təhlükəsizlik məkanına inteqrasiya məsələsinə Azərbaycanın xüsusi önəm verdiyini qonağın diqqətinə çatdırmışdır.