Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2008 00:03

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin dəvətilə Ukraynanın Müdafiə naziri cənab Yuri Yexanurov Bakıya iki günlük rəsmi səfərə gəlmişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyində qonağın təntənəli qarşılanma mərasimi olmuşdur. Onun şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüş və hər iki ölkənin dövlət  himnləri səslənmişdir.
 Əvvəlcə Müdafiə nazirləri təkbətək, sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşmüşlər.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan və Ukrayna arasında müxtəlif istiqamətlər üzrə geniş əlaqələr mövcuddur, xüsusilə iqtisadi sahədə olan əlaqələr hər iki ölkənin bir-birinə yaxınlaşmasına daha böyük təkan vermişdir. Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya səfəri və orada strateji əməkdaşlıq əlaqələrinin dərinləşməsi ilə əlaqədar imzalanan sənədlər Azərbaycan-Ukrayna münasibətlərində yeni üfüqlər açmışdır.
Nazir bildirmişdir ki, Azərbaycan Ukraynaya həmişə yaxın dost və strateji tərəfdaş ölkə kimi baxmışdır. Birləşmiş Millətlər Təşkilatında Dağlıq Qarabağ münaqişəşi ilə bağlı məsələ müzakirə edilərkən Ukraynanın  ədalətli mövqe tutaraq Azərbaycanın lehinə səs verməsi buna parlaq sübutdur.
General-polkovnik S.Əbiyev Ermənistanın işğalçı siyasət yürütməsi nəticəsində regionda vəziyyətin gərgin hal aldığını ukraynalı həmkarının diqqətinə çatdırmışdır. Nazirin fikrincə bu günə qədər beynəlxalq təşkilatların vasitəsilə aparılan danışıqlar da heç bir səmərə verməmişdir. Söhbət zamanı nazir S.Əbiyev münaqişənin sülh yolu ilə həll edilmədiyi halda  digər vasitələrdən istifadə ediləcəyini istisna etməmişdir.
Görüşdə tərəflər bölgədəki hərbi-siyasi vəziyyət, iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.  
Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Boris Klimçuk görüşdə iştirak etmişdir.