Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyul 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik S.Əbiyevin dəvətilə İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general-polkovnik Xalid Cəmil Əl-Sarayrah iyulun 17-də Bakıya iki günlük rəsmi səfərə gəlmişdir.
Qonaq rəsmi səfərinə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının müstəqilliyi yolunda həlak olan soydaşlarımızın xatirə abidəsi önünə əklillər qoymaqla başlamışdır. Sonra Azərbaycanın Müdafiə Nazirliyində Xalid Cəmil Əl-Sarayrahın təntənəli qarşılanma mərasimi olmuşdur. Onun şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüş və hər iki ölkənin dövlət himnləri səslənmişdir. Əvvəlcə müdafiə naziri Səfər Əbiyevlə general-polkovnik Xalid Cəmil Əl-Sarayrahın təkbətək, sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşmüşlər.
Qonağı salamlayan S.Əbiyev bildirmişdir ki, İordaniya Krallığı ilə Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Əlaqələrin getdikcə möhkəmlənməsi hər iki ölkə həyatının bütün sahələrində özünü parlaq şəkildə göstərir. Ölkə rəhbərləri prezident İlham Əliyev və kral  Abdulla arasında yaranmış səmimi və möhkəm dostluq əlaqələri əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə əsaslı zəmin yaradır. Biz iqtisadi, siyasi, mədəni, eyni zamanda hərbi əlaqələrimizi yeni səviyyəyə qaldırmaq üçün  səyləri gücləndirməliyik. Bu əlaqələr bütün spektrləri əhatə etməlidir. Nazir Səfər Əbiyev qeyd etmişdir ki, bunu bizim ümumi dövlət maraqlarımız tələb edir.
Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclasının yekunlarına toxunan müdafiə naziri bildirmişdir ki, bu gün imzalanan protokol gələcəkdə hərbi əməkdaşlığımızın inkişafına  geniş imkanlar açacaqdır.  
Regionda hərbi-siyasi vəziyyətə toxunan S.Əbiyev bildirmişdir ki, Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. 1 milyondan artıq dinc sakin Ermənistanın təcavüzkarlığı nəticəsində öz yurd-yuvalarından didərgin düşmüşdür. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT-in Minsk qrupunun 15 ildən çox apardığı fəaliyyət konkret bir nəticə verməmişdir. Ermənistan təcavüzkarlığını bu günəcən davam  etdirməkdədir. Azərbaycan bu vəziyyətlə barışa bilməz. Münaqişənin dinc həlli istiqamətində bir nəticə hasil edilməzsə, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün  ciddi tədbirlərə əl ata bilər.  
Səmimi görüş üçün general-polkovnik Səfər Əbiyevə təşəkkür edən hörmətli qonaq əməkdaşlığın prioritetləri barədə onun qeyd etdiyi fikirlərlə tamamilə bölüşdüyünü bildirmişdir. Xalid Cəmil Əl-Sarayrah vurğulamışdır ki, tarixi ənənələrin və mədəniyyətlərin oxşarlığı bizim ölkələri  daha da yaxınlaşmağa sövq edən başlıca amil kimi diqqət mərkəzində dayanmalıdır. Bu ölkə rəhbərlərinin ən böyük arzusudur.
İordaniyalı general Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmadığı təqdirdə Azərbaycanın öz torpaqlarını azad etməkdə haqlı olduğunu diqqətə çatdırmışdır.
Görüşdə Azərbaycanın İordaniyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Araslı, İordaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Adel Adeileh iştirak etmişlər.