Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyul 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

Bakıda rəsmi səfərdə olan Çex Respublikasının xarici işlər naziri Karel Şvarzenberq iyulun 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.
Qonağı salamlayan müdafiə naziri Azərbaycanla Çex Respublikası arasında  yaranmış əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bildirmişdir ki, son illər müxtəlif istiqamətlərdə həyata keçirilən çoxşaxəli işlər artıq öz səmərəsini verməkdədir. Hərbi əməkdaşlığın qurulması sahəsində də uğurlu işlər aparılır.
Görüş zamanı Səfər Əbiyev Azərbaycanın Avropa strukturlarına inteqrasiya perspektivlərindən danışarkən, eyni zamanda, bölgədəki mövcud hərbi-siyasi durum barədə də qonağı məlumatlandırmışdır. O bildirmişdir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisi  işğal edilmiş, 1 milyondan artıq günahsız insan öz doğma yurd-yuvasından didərgin düşmüşdür. İndiyədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həlli istiqamətində beynəlxalq qurumların göstərdikləri səylər konkret nəticə vermir. Bir sıra hallarda isə ərazisi işğal olan Azərbaycan ikili standartlarla qarşılaşır. Nazir Səfər Əbiyev ölkəsinin bundan ciddi narahatlıq keçirdiyini qonağın diqqətinə çatdırmış və qeyd etmişdir ki, belə bir vəziyyətlə uzun zaman barışmaq mümkün deyil. Sülh danışıqlarının nəticə vermədiyi halda torpaqlarımızın güc yolu ilə azad edilməsini istisna edə bilmərik.
Çex Respublikasının xarici işlər naziri görüş zamanı regiondakı mövcud vəziyyətə münasibətini bildirərkən münaqişənin həlli prosesində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulamışdır.