Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Noyabr 2008 00:01

Müdafiə nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin dəvətilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı İlkər Başbuğ noyabrın 6-da Bakıya rəsmi səfərə gəlmişdir.
Qonaq rəsmi səfərinə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının müstəqilliyi yolunda həlak olan soydaşlarımızın xatirə abidəsi önünə əklillər qoymaqla başlamışdır. Sonra Azərbaycanın Müdafiə Nazirliyində  təntənəli qarşılanma mərasimi olmuşdur. Onun şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüş və hər iki ölkənin dövlət himnləri səslənmişdir. Əvvəlcə Müdafiə naziri Səfər Əbiyevlə ordu generalı  İlkər Başbuğ təkbətək, sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşmüşlər.
Qonağı salamlayan S.Əbiyev demişdir ki, son illər ərzində ölkələrimiz o cümlədən də Silahlı Qüvvələrimiz arasındakı qardaşlıq əlaqələri gündən-günə genişlənir. Bu əməkdaşlıq xalqlarımızın qarşılıqlı arzu və istəklərindən irəli gəlir və ümumi maraqlara xidmət edir.  Nazir bildirmişdir ki, ümummilli liderimiz mərhum Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində olan Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin əməkdaşlığı bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Görüş zamanı regionda son zamanlar baş verən hadisələrə münasibət bildirərkən müdafiə naziri Səfər Əbiyev qeyd etmişdir ki, əlaqələrimizin daha da sıxlaşması, xüsusilə təhlükəsizlik məsələlərində səylərimizin birləşdirilməsi indi daha vacib tələb kimi qarşıda durur. Sözünə davam edən Səfər Əbiyev son vaxtlar Dağlıq Qarabağ münaqişəsi istiqamətində proseslərin xeyli sürətləndiyini və intensiv xarakter aldığını hörmətli qonağın diqqətinə çatdırmışdır. O, qeyd etmişdir ki, lakin sülh danışıqları nəticə verməzsə Azərbaycan öz ərazi bütövlüyünün bərpa edilməsi üçün bütün imkanlardan istifadə edəcəkdir.  
Səmimi qəbul üçün Müdafiə naziri Səfər Əbiyevə təşəkkürünü bildirən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı İlkər Başbuğ bu vəzifədə ilk olaraq xarici səfərini Azərbaycana etdiyinə görə bundan çox məmnun olduğunu qeyd etmişdir. Görüş zamanı hörmətli qonaq ulu öndər Heydər Əliyevin “Biz bir millət iki dövlətik” sözlərini xüsusi vurğulamışdır.
Görüş zamanı Türkiyə- Azərbaycan hərbi əməkdaşlığının daha da inkişaf etdirilməsi və digər mühüm məsələlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.