Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Mart 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Martın 26-da Bakıya rəsmi səfər edən Özbəkistan Respublikasının müdafiə naziri Kabul Berdiyevin Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən qonaq Zərifə Əliyevanın məzarına da gül dəstəsi qoyub. Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Kabul Berdiyevin Müdafiə Nazirliyində nümunəvi hərbi orkestrin müşayəti ilə təntənəli qarşılanma mərasimi keçirilib. Dövlət himnləri səsləndikdən sonra nümayəndə heyətlərinin geniştərkibli, daha sonra nazirlərin təkbətək görüşü olub. Özbəkistanla Azərbaycanın hərbi-texniki əməkdaşlığının perspektivləri, regional təhlükəsizlik məsələləri müzakirə edilib. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi və bölgədə onun yaratdığı gərginlik barədə ətraflı fikir mübadiləsi aparılıb. Müdafiə naziri Səfər Əbiyev Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyon soydaşımızın öz yurd-yuvalarından məcburi sürətdə didərgin düşdüyünü, işğal olunmuş bütün ərazilərdə infrastrukturun tamamilə dağıldığını özbəkistanlı həmkarı Kabul Berdiyevin diqqətinə çatdırıb. Səfər Əbiyev Azərbaycanın problemin dinc yolla həll edilməsinə tərəfdar olduğunu bildirməklə yanaşı onu da vurğulayıb ki, bu tutmazsa Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün vasitələrdən istifadə edəcək.
Özbəkistanın müdafiə naziri Kabul Berdiyev Dağlıq Qarabağ məsələsində ölkəsinin əvvəllər olduğu kimi, bu gün də Azərbaycanı müdafiə etdiyini bəyan edib.
Sonda Azərbaycan Respublikası və Özbəkistan Respublikası Hökumətləri arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişin imzalanması mərasimi keçirilib.
Görüşdə Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmətulla Erqaşev iştirak edib.