Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Aprel 2009 00:02

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 23-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup millət vəkili, Qeyri Hökumət Təşkilatlarının (QHT) rəhbərləri və qəzet baş redaktorları cəbhə bölgəsində səfərdə olublar. Onları səfərdə elektron və yazılı mətbuat nümayəndələri müşahidə ediblər.
Millət vəkillərindən Qənirə Paşayeva, Aydın Mirzəzadə, Aydın Həsənov, Bəxtiyar Əliyev, Bəxtiyar Sadıqov, QHT rəhbərlərindən Rauf Zeyni, Səadət Bənənyarlı, Ümid Rəhimoğlu, Radə Abbas, Aydın Kərimov səfərdə iştirak ediblər. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə media rəhbərləri olaraq nümayəndə heyətinin tərkibinə qatılıblar.  
Nümayəndə heyəti ilk olaraq, Bərdədə yerləşən “N” saylı hərbi hissədə olublar və qərargahın komanda hərbi məntəqəsində qonaqlara hərbi hissənin döyüş tapşırıqları, yerləşdiyi mövqelər, müdafiə istehkamları və digər məsələlərlə bağlı onlara məruzə edilib. Eyni zamanda, nümayəndə heyətini maraqlandıran suallara cavab verilib.
Döyüş bölgəsi ilə şifahi tanışlıqdan sonra nümayəndə heyəti xüsusi maşınlarla Ağdam istiqamətinə yola düşüblər. Ağdamda yerləşən “N” saylı hərbi hissəyə baş çəkən qonaqlar, yeni xidmətə çağırılan gənc əsgərlərlə görüşüb, onların qayğıları ilə maraqlanıb, eyni zamanda, hərbi hissənin yeməkxana, yataqxana və ərzaq anbarına baxış keçiriblər. Əsgər yeməkxanasının mətbəxindəki ərzaq məhsullarının üzərində “Müdafiə Nazirliyinə məxsusdur, satışı qadağandır” sözlərini oxuyan qonaqlar yerindəcə həm ərzağın keyfiyyətini yoxlamaq, həm də əsgərlərlə həmrəylik nümayiş etdirmək üçün onlarla birgə nahar ediblər. Millət vəkillərindən, QHT rəhbərlərindən və media mənsublarından ibarət nümayəndə heyəti daha sonra qoşunların təmas xəttinə yollanıblar. Onlar səngər və istehkamlardan durbinlər vasitəsilə Ermənistan ordusunun müdafiə bölmələrini müşahidə ediblər. Səfər iştirakçıları, eyni zamanda, ön xətdə xidmət edən əsgərlərin şəraiti ilə tanış olub, problemləri ilə də maraqlanıblar.
Nümayəndə heyətinin bütün üzvləri cəbhə bölgəsində yerləşən hərbi hissədəki vəziyyətdən, əsgərlərin durumundan razı qaldıqlarını bəyan etməklə yanaşı, bildiriblər ki, orduda nizam-intizam, yüksək əhval-ruhiyyə və döyüş hazırlığı var və bu bir daha onu göstərir ki, Azərbaycan ordusu istənilən vaxt işğal olunan torpaqları azad etməyə qadirdir. Bununla yanaşı, millət vəkilləri bir məsələni xüsusi vurğulayıblar ki, belə səfərlər orduya ictimai nəzarətin bir formasıdır və bunun həyata keçirilməsi müsbət nəticələr verir. Həmçinin ictimai nəzarətin keçirilməsi üçün edilən belə səfərlər həm hərbi hissələrdə qulluq edənlərə yüksək ruh verir, həm də problemlərin öyrənilib aradan qaldırılmasına yardımçı olur.
Müdafiə Nazirliyi bəyan edir ki, orduya ictimai nəzarət etmək üçün təşkil olunan belə səfərlər gələcəkdə də təkrar olunacaq və ictimaiyyət nümayəndələri daim əsgərlərin vəziyyətini öz gözləri ilə görə biləcəklər.