Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Aprel 2009 00:03

Müdafiə Nazirliyinin məlumatı

Hərbi çağırış qaydalarında həyata keçirilən təkmilləşdirmə işinin daha səmərəli aparılması, komplektləşdirmədə qüsurlara yol verilməməsi üçün Müdafiə Nazirliyinin Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsinin nəzdində “Qaynar xətt” yaradılması və eyni zamanda, valideynlərin, çağırışçıların yaxınlarının şikayət və narazılıqlarını araşdırmaq üçün nazirliyin tərbiyəvi işlər idarəsinin nəzdində işçi qrupun fəaliyyətə başlaması barədə xəbər verilib.
Görülən işlər artıq öz effektini verməkdədir. Belə ki, çağırış başlayan gündən, yəni aprelin 1-dən 17-nə kimi “Qaynar xətt”ə 6825 zəng daxil olub. Valideynlər, çağırışçıların yaxınları “Qaynar xətt”ə müraciət edərək, əsasən, maraqlandıqları şəxsin hansı hərbi hissədə və ya qoşun növündə xidmət edəcəyini yerindəcə öyrəniblər.
“Qaynar xətt”dən fərqli olaraq, Müdafıə Nazirliyi tərbiyəvi işlər idarəsinin nəzdində fəaliyyət göstərən işçi qrupuna isə daxil olan zənglərin sayı azalıb.
Əslində, bu iş elə ona görə qurulub ki, hərbi çağırışın təşkili və cənab Prezidentin hərbi çağırışla bağlı verdiyi fərmanların icrası yüksək səviyyədə yerinə yetirilsin. Çağırış yeni başlayan zaman işçi qrupuna müəyyən zənglər daxil olurdu və bu da əsasən, təkmilləşdirmə qaydalarının yeniliyi ilə bağlı müraciətlərdən ibarət idi. Hazırda isə işçi qrupuna edilən zənglər demək olar ki, minimuma enib. Bu isə təbii ki, müsbət haldır. Deməli, iş yaxşı gedir ki, vətəndaşlar şikayət etmirlər və ya etsələr də, bunun sayı az olur. Artıq neçə vaxdır çağırış başlayıb və bu müddət ərzində istər vətəndaşları, istərsə də Müdafiə Nazirliyini narahat edən elə bir ciddi fakt ortaya çıxmayıb. Bu da bir daha onu göstərir ki, hərbi çağırışla bağlı təkmilləşdirmə işinin aparılmasına ciddi zərurət duyulurmuş.