Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Aprel 2009 00:02

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 17-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev İraqın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ərşad Ömər İsmayılı qəbul edib. Görüş zamanı İraqla Azərbaycan arasındakı əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Ərşad Ömər İsmayıl İraqın müdafıə naziri tərəfindən göndərilən məktubu Səfər Əbiyevə təqdim edərək bildirib ki, Azərbaycanlı sülhməramlı kontingentin İraqda təhlükəsizliyin təmin edilməsində göstərdiyi nümunəvi davranışına görə minnətdarlıq etməkdən məmnunluq duyur.
Həmin gün müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinovu qəbul edib. Görüş zamanı Müdafiə naziri ilə səfir arasında Bolqarıstanla Azərbaycanın hərbi-texniki əlaqalərinin gələcək planlarından danışılıb.
Eyni zamanda, Bolqarıstan Respublikası müdafiə nazirinin Azərbaycana gözlənilən səfəri ətrafında da fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, iki dövlət arasında hərbi əlaqələrin genişləndirilməsi üçün mövcud sazişə əlavələrin edilməsi məqsədəuyğundur.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini də qəbul edib.
Görüşdə Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri və onun daha da inkişaf etdirilməsi, regiondakı vəziyyət, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, Rusiyanın Ermənistana silah verməsi və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Avropa üzrə Quru Qoşunlarının komandanı general Kater Hemin başçılıq etdiyi nümayəndə heyətini və ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dörsini də qebul edib. Görüşdə ABŞ-Azərbaycan münasibətləri, hərbi sahədə əməkdaşlığın vəziyyəti müzakirə edilib. Eyni zamanda, NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış “Sülh Naminə Tərəfdaşlıq” proqramı və Azərbaycanda keçiriləcək “Regional cavab 2009” beynəlxalq təlimi ilə bağlı da fikir mübadiləsi edilib.