Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Avropadakı Silahlı Qüvvələrinin komandanı general Con Kreddoku qəbul edib. Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimindən sonra nümayəndə heyətlərinin geniş tərkibli görüşü olub.
Azərbaycan-ABŞ əlaqələrinin inkişaf dinamikasından söhbət açan S.Əbiyev hərbi əməkdaşlıq sahəsində də münasibətlərin uğurlu olduğunu qonağın diqqətinə çatdırıb. Müdafiə naziri daha sonra regionda hərbi-siyasi vəziyyətə toxunaraq bildirib ki, işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan Silahlı Qüvvələri geri çəkilməyincə bölgədəki gərginlik daha da dərinləşəcək, beləliklə, münaqişənin silaha əl atılmadan dinc yolla nizama salınması mümkün olmayacaq. Ona görə də, həm Avropa, həm də Minsk Qrupuna həmsədr olan ölkələr işğalçı Ermənistana təsir vasitələrini gücləndirməlidirlər. Əks təqdirdə arzu olunmayan prosesin yaranacağı qaçılmazdır.
General Con Kreddok da görüş zamanı bölgədəki gərgin vəziyyətin aradan qaldırılmasının vacibliyini qeyd edib. O, həmçinin Azərbaycanın beynəlxalq təhlükəsizlik sisteminə verdiyi töhfələrdən, Kosovoda, İraqda, hal-hazırda isə Əfqanıstanda ölkəmizin sülhməramlı hərbi kontingentinin yüksək xidməti fəaliyyətindən razılığını bildirib.  
Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Enn Dörsi iştirak edib.