Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyun 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 10-11-də Milli Məclisin deputatları və Qeyri Hökumət Təşkilatlarının (QHT) rəhbərlərindən ibarət bir qrup cəbhə bölgəsinə səfər edib. Millət vəkillərindən Fəzail İbrahimli, Rafael Cəbrayılov, Fazil Mustafa və İkram İsrafil, QHT rəhbərlərindən isə Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupunun sədri Səadət Bənənyarlı nümayəndə heyətinin tərkibində olublar.
Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə ordumuzun döyüş hazırlığı, maddi-texniki vəziyyəti barədə onlara ətraflı məlumat verilib. Nümayəndə heyətinin özü gedəcəkləri hərbi hissəni seçib.
Beləliklə, nümayəndə heyəti Gədəbəy istiqamətinə yola düşüb. Qonaqlara düşmənin mövqelərini müşahidə etmək və daim nəzarətdə saxlamaq üçün xüsusi quraşdırılmış kameralar və onları izləməkdən ötrü mərkəzləşdirilmiş monitorlar nümayiş etdirilib. Bundan əlavə ictimaiyyət nümayəndələri yüksəklikdə təşkil olunmuş əsgər yataqxanalarına və yeməkxanalarına baş çəkərək şəraitlə yaxından tanış olublar. Müdafiə Nazirliyinin nümayəndələri qonaqları hərbi texnika, silah-sursatla tanış edibler. Qonaqlara Azərbaycanın istehsalı olan “İstiqlal” adlı silah nümayiş etdirilib.
Nümayəndə heyəti düşmənlə üzbəüz mövqeyimizdəki ərzaq saxlanan anbara baş çəkdikdən sonra əsgərlərlə birgə nahar edib. Qonaqlar təmas xəttindəki əsgər yataqxanasına gedərək ordakı səliqə-səhmanla da tanış olublar.
İctimai nəzarət xarakterli görüş başa çatdıqdan sonra qonaqlar öz təəssüratlarını açıqlayıblar.
Millət vəkili Fəzail İbrahimli: “Bura gələndə mətbuatda orduyla bağlı yazılanlara görə ürəyimdə bəzi hisslər var idi. Burda bir daha yəqin etdim ki, belə məsələlər barədə danışanda və ya münasibət bildirəndə insan yanlışlıqlara yol verməməlidir. Biz hər şeyi öz gözümüzlə gördük. Əvvəla biz onu hiss etdik ki, hərbi hissəyə deyil, öz evimizə gəlmişik. İkincisi, burdakı rütbəli şəxslər və əsgərlərlə söhbət zamanı başa düşdüm ki, vəziyyət deyilən kimi deyil, əksinə yaxşıdır. Sözün açığı mən əsgərimizin döyüş hazırlığını, onun qürurunu, geyimini, məişətini gördükdə duyğulandım. Məni bura gələndə daha çox ordunun psixoloji durumu düşündürürdü. Bu məsələdə əsgərlərin durumu məni qane etdi. Bir sözlə vəziyyət çox yaxşıdır”.
Millət vəkili İkram İsrafil bildirib ki, ilk dəfə Azərbaycan Ordusunun formasını geyindim. Bu məndə ifadə edilməsi mümkün olmayan xoş təəssürat yaratdı. Təşəbbüsümüzü nəzərə alıb məni bu qrupa daxil etdiklərinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Ordu ilə bağlı ilk təsəvvür təbii ki, hərbi çağırışdan başlayır. Aprel çağırışı zamanı Müdafıə Nazirliyi tərəfindən atılan addımlar ictimaiyyət tərəfindən təqdir olundu. Çağırışla bağlı aparılan islahatların davamlı olmasını arzulayıram. Biz gəldiyimiz hərbi hissələrdə əsgərlərlə tanışlıq, onlarla sorğu aparmaq imkanımız oldu. Hətta hansı istiqamətə getməyimizi də özümüz müəyyənləşdirdik. Bütün bunlar çox yaxşı haldı. O ki, qaldı sərhəd bölgəsində müəyyən çətinliklərin olmasına, ordu kurort deyil və hər şey ola bilər. Hər halda vəziyyət məni qane etdi.
Millət vəkili Rafael Cəbrayılov qeyd edib ki, biz çox yaxşı mənzərənin şahidi olduq. Mənim üçün ən maraqlı olanı əsgərlərin psixoloji durumu idi ki, bu məsələ də çox yaxşıdır. Bundan başqa ordumuzun döyüş hazırlığı, yaşayış tərzi, hərbi-texniki durumu müasir dünya standartlarına cavab verir.
Millət vəkili Fazil Mustafa da səfərdə rastlaşdıqları mənzərədən məmnun qaldığını bildirib: “Son vaxtlar kütləvi informasiya vasitələrində ordu ilə bağlı müxtəlif səpkili məlumatlar özünə yer alır. Orduya yanaşmada ehtiyyatlı olmaq lazımdır. Bizim gördüklərimiz mətbuatda yazılanlarla uzlaşmır. Əksinə biz daha yaxşı mənzərənin şahidi olduq”.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni ordunun durumunu müsbət qiymətləndirib. Biz səfər zamanı hər məsələyə diqqət yetirdik və yaxşı hallarla üzləşdik. Bundan isə sözsüz ki, sevindik. Belə səfərlər ordu ilə ictimaiyyət arasında körpü rolunu oynayır.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu vəziyyətlə yaxından tanış olduğunu deyərək gördüklərindən məmnun qaldığını bildirib: “ilk növbədə Müdafiə Nazirliyinin rəhbərliyinə belə ordu formalaşdırdığına görə təşəkkür edirəm. Eyni zamanda hərbi hissələrin rəhbər heyətinə, o cümlədən əsgərlərə düşmənlə belə mətinliklə üzbəüz dayandığına görə də minnətdarlıq etmək lazımdır. Sözün həqiqi mənasında mən əsgərlərimizi intizamlı və mərd gördüm. Deməli, Azərbaycan dövləti möhkəm qorunur. Ordumuzda doğrudan da böyük islahatlar gedir və xeyli inkişaf var”.
Hüquq Müdafiəçisi Səadət Bənənyarlı da cəbhə bölgəsinə edilən belə səfərləri təqdir etdiyini vurğulayıb: “Bu vaxtında edilən bir səfər idi. Əmin olduq ki, ordu ilə bağlı deyilənlərin çoxu mənfi fikirlərdir, həqiqətə uyğun deyil. Əməli işlər görülüb və xeyli inkişaf var. Bunu danmaq ən azı haqsızlıq olar”.
Müdafiə Nazirliyi bildirir ki, ictimaiyyət nümayəndələrinin, deputatların,  qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin cəbhə bölgəsinə və digər hərbi hissələrə belə səfərləri davamlı olacaq və orduya ictimai nəzarəti təmin etmək üçün başqa tədbirlər də görüləcək.