Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyun 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 16-17-də Bakı şəhərində "Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları və Silahlı Qüvvələrdə aparılan islahatların Avroatlantik məkana inteqrasiyada  rolu” adlı konfrans keçirilib. Əsas məqsəd hüquq-mühafizə orqanları və Silahlı Qüvvələrdə aparılan islahatlar barədə ictimaiyyəti məlumatlandırmaq, ictimai müzakirələri təşkil etmək və NATO ilə olan əməkdaşlığa NATO həftəsi çərçivəsində bir daha nəzər salmaqdan ibarət olub.
Konfransın açılış mərasimində Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Hulusi Kılıç, NATO-nun Cənubi Qafqazda məsul zabiti Zbiqnev Rıbatski, Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri, NATO-nun Azərbaycandakı təmas nöqtəsi adından Nikolae Ureke salamlama və açılış nitqi ilə çıxış ediblər.
"NATO ilə əməkdaşlıq kontekstində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həyata keçirilən islahatlar” mövzusunda çıxış edən Silahlı Qüvvələrin nümayəndəsi, Müdafiə Nazirliyinin Beynalxalq Əməkdaşlıq və Avro-Atlantik İnteqrasiya idarəsinin şöbə rəisi polkovnik Vidadi Əsgərov NATO ilə əməkdaşlıq çərçivəsində Silahlı Qüvvələrdə aparılan islahatlar haqqında ictimaiyyətin məlumatlandırılması nöqteyi nəzərdən konfransın aktuallığını qeyd etmiş, bu kimi tədbirlərin keçirilməsini vətəndaş cəmiyyətində, ümumiyyətlə təhlükəsizlik sektorunun fəaliyyəti haqqında obyektiv və  dolğun şəkildə maarifləndiriləcəyinə ümid etdiyini bildirib. O, öz təqdimatında Azərbaycan NATO əməkdaşlığının tarixi, NATO ilə mövcud Tərəfdaşlıq proqramları çərçivəsində yerinə yetirilən tədbirlər, xüsusilə də NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar haqqında danışıb.  
Polkovnik V. Əsgərov NATO ilə mövcud Tərəfdaşlıq proqramları çərçivəsində əməkdaşlıq səviyyəsinin hər iki tərəfi qane etdiyini, NATO-nun Tərəfdaşlıq mexanizmlərinin Silahlı Qüvvələrdə aparılan islahatların dəstəklənməsi və regional təhlükəsizliyin təmin olunması baxımından səmərəli və vacib amillərdən biri olduğunu qeyd edib.
Konfransda Azərbaycan Respublikasının rəsmi şəxsləri ilə yanaşı, hüquq-mühafizə və silahlı qüvvələrin nümayəndələri, hüquqşünaslar, hərbi ekspertlər, QHT, KİV nümayəndələri, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər.