Avqustun 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanı admiral Bəşir Nomanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə S.Əbiyev Pakistan İslam Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan çoxşaxəli hərbi-siyasi əməkdaşlıq münasibətlərinə toxunaraq bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyini bildirib. Pakistan-Azərbaycan əməkdaşlığının müdafiə sənayesi sahəsinə öz böyük töhfəsini verdiyini qeyd edən müdafiə naziri Azərbaycan kimi Pakistan İslam Respublikasının da ərazi münaqişəsi ilə üzləşdiyini deyib.
Admiral Bəşir Noman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin mövqeyini açıqlayaraq bildirib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər və bu məsələdə Pakistan hər zaman Azərbaycanın yanındadır.