Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert  Bradtkeni qəbul edib.
Nazir S.Əbiyev yeni həmsədrə fəaliyyətində uğurlar arzulamaqla yanaşı, qeyd edib ki, Dağlıq Qarabağ problemi ilə əlaqədar əvvəllər bir neçə həmsədr məşğul olub, ancaq münaqişənin həlli istiqamətində konkret bir nəticə hasil edilməyib. Sözünə davam edən nazir amerikalı yeni həmsədrin və onun həmkarlarının yaxın gələcəkdə işlərində müsbət nəticənin baş verəcəyinə ümid etdiyini bildirib.
Görüş zamanı müdafiə naziri münaqişənin gecikdirilmədən aradan qaldırılmasının vacibliyini önə çəkərək qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasından, işğalçıların torpaqlarımızdan geri çəkilməsindən kənarda həll variantı ola bilməz. Bunu bir sıra beynəlxalq sənədlər də açıq-aydın ortaya qoyur. BMT-nin qəbul etdiyi dörd qətnaməni xatırladan S.Əbiyev bildirib ki, həmsədr ölkələr bu ədalətli qərarlara söykənərək Dağlıq Qarabağ probleminin dinc şəkildə nizamlanmasını tezləşdirə bilərlər. Əks-təqdirdə bölgədə arzu edilməyən hadisələrin baş verməsi qaçılmazdır. 15 ildən artıq başlanan danışıqların heç bir səmərə vermədiyini deyən nazir vurğulayıb ki, Azərbaycanın kimsənin torpağında gözü yoxdur, başqasının da bizim torpaqları işğalda saxlamasına göz yumulmamalıdır.
 Müdafiə naziri bu istiqamətdə birgə fəaliyyətin uzlaşdırılmasının vacibliyini amerikalı həmsədrin bir daha diqqətinə çatdırıb.
 Görüşdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu iştirak edib.