Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2010 00:02

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 12-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev NATO Parlament Assambleyası Siyasi Komitəsinin NATO Tərəfdaşlığı üzrə Alt Komitəsinin sədri Rayner Stinnerin rəhbərliyi ilə ölkəmizə gəlmiş nümayəndə heyətini qəbul edib. Görüşdə maraq doğuran bir sıra məsələlər müzakirə edilib. Nazir Səfər Əbiyev qonaqları son illər Azərbaycanın iqtisadi, siyasi və hərbi sahədə əldə etdiyi yeniliklərlə məlumatlandıraraq bildirib ki, ölkəmiz Avropa strukturlarına inteqrasiya və NATO ilə əməkdaşlıq məsələlərinə ciddi önəm verir və bu istiqamətdə inkişaf getdikcə özünü parlaq şəkildə göstərir.
Müdafiə naziri bununla yanaşı Cənubi Qafqazda mövcud olan gərgin hərbi-siyasi durumu da assambleya üzvlərinin diqqətinə çatdırıb. O qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin gecikdirilməsi vəziyyətin kəskinləşməsinə şərait yaradır. Səfər Əbiyev bildirib ki, Azərbaycan torpaqlarının işğalda olması ilə barışan deyil, bunu təcavüzkar Ermənistan dərk etməlidir. Sözünə davam edən nazir qeyd edib ki, problemin dinc şəkildə aradan qaldırılması üçün əslində beynəlxalq hüquqi baza çoxdan mövcuddur və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə məsələnin həlli üçün yetərlidir.
Sonda nazir Səfər Əbiyev qonaqları maraqlandıran bəzi məsələlərə öz münasibətini açıqlayıb.