Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2010 00:01

Müdafiə Nazirliyinin məlumatı

2010-cu il iyun ayının 21-dən 24-dək Müdafıə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələri ilə “Azərbaycan Respublikasına qarşı yönəlmiş silahlı təcavüzün dəf edilməsi məqsədi ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması və təşkili. Birinci müdafıə həddində müdafıə əməliyyatının aparılması. Müasir silah sistemləri və aviasiyanın tətbiqi ilə düşmənə böyük dərəcədə zərər yetirilməsi. Müxtəlif güc strukturlarının birləşmə və hissələrinin birgə hücum əməliyyatı aparmaqla müdafiəyə soxulmuş düşmən qruplaşmasının darmadağın edilməsi. Əməliyyat ehtiyatlarının döyüşə yeridilməsi ilə hücumun dərinliyə inkişafı və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi” mövzusu üzrə irimiqyaslı Birgə Əməliyyat-Taktiki təlimi keçirilmişdir.
Təlimə ümumilikdə 4000 nəfərdən çox şəxsi heyət, 100 tank, 77 ədəd zirehli döyüş maşını, 125 ədəd artilleriya sistemləri, 17 ədəd döyüş təyyarəsi, 12 ədəd döyüş vertolyotu və 4 ədəd nəqliyyat-döyüş vertolyotu cəlb edilmişdir.
Təlim rəhbərliyi tərəfindən qarşıya aşağıdakı məqsədlər qoyulmuşdur:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin birgə döyüş tətbiqinin planlaşdırılması üzrə qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi.
2. Müdafıə əməliyyatı gedişində müxtəlif güc strukturlarının birləşmə və hissələrinin uzlaşmış fəaliyyətinə nail olunması, əməliyyatın müxtəlif mərhələlərində qoşunlar arasında koordinasiyanın və qarşılıqlı əlaqənin təmin edilməsi.
3. Genişmiqyaslı hücum əməliyyatının aparılması, ölkə ərazisinə soxulmuş düşmən qüvvələrinin darmadağın edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası üzrə Müdafıə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birlik, birləşmə və hissələrinin birgə fəaliyyətlərinin uzlaşdırılması.
24 iyun 2010-cu il tarixində, təlimin əsas mərhələsində aviasiya zərbələrinin və artilleriya sistemlərinin döyüş atışının praktiki idarə olunması, hava desantının çıxarılması, müxtəlif qoşun növləri və xüsusi qoşunların hücum əməliyyatında tətbiqi sualları işlənmiş, birləşmə və hissələrin taktiki fəaliyyətləri və silah sistemlərinin real atışları həyata keçirilmiş, müxtəlif güc strukturlarının birləşmə və hissələri arasında qarşılıqlı əlaqənin saxlanılması təmin edilmişdir.  
Təlimin əsas mərhələsini Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev izləmişdir.
Təlimə cəlb edilən birləşmə və hissələr tərəfindən qarşıya qoyulan bütün məqsədlərə nail olunmuşdur.