Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2010 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 7-də ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Robert Qeytsin Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimindən sonra hər iki ölkənin dövlət himnləri səslənib.
Keçirilən geniştərkibli görüşdə əsası 1997-ci ildə prezident Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-ABŞ hərbi əməkdaşlığının qısa tarixçəsinə diqqət yetirən müdafıə naziri Səfər Əbiyev ölkəsinin Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
Nazir bildirib ki, ABŞ-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətlər üzrə inkişaf prioritetləri dünən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfındən qəbul edilən ABŞ müdafiə naziri R.Qeytslə də ətraflı müzakirə mövzusu olub.
Beynəlxalq terrorizmi və digər təhlükəsizlik proseslərinə verilən birgə töhfələrdən danışan nazir Səfər Əbiyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən Cənubi Qafqazda vəziyyətin mürəkkəb və gərgin olaraq qaldığını bildirib. O, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın rolunu yüksək qiymətləndirib və bu ökədən daha fəal addımlar atmağı hörmətli qonağın diqqətinə çatdırıb.
Görüş zamanı Səfər Əbiyev 907-ci düzəlişin ABŞ-Azərbaycan əlaqələrinə mənfi təsir göstərdiyini xüsusilə qeyd edib.
ABŞ-ın müdafiə naziri cənab Robert Qeyts müdafiə nazirliyində yüksək qonaqpərvərliklə qarşılandığına görə azərbaycanlı həmkarına öz təşəkkürünü bildirib və qeyd edib ki, prezident Barak Obamanın cənab İlham Əliyevə məktubu, dövlət katibi Hillari Klintonun Bakıya gözlənilən səfəri və özünün hazırda Bakıda olması ABŞ-la Azərbaycanın strateji tərəfdaş ölkə olduğuna bariz nümunədir. Cənab Qeyst vurğulayıb ki, ölkəsinə qayıdarkən ABŞ prezidenti Obamaya Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını ifadə edəcək. Bir sıra mühüm məsələlərə toxunan amerikalı nazir 907-ci düzəlişin birdəfəlik ləğv edilməsi istiqamətində səylərini əsirgəməyəcəyini də Səfər Əbiyevin diqqətinə çatdırıb.
Sonda Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ümidvar olduğunu bildirərək qeyd edib ki, ABŞ-la Azərbaycan arasında həqiqi partnyorluğa xas olan münasibətlər qurulacaq və ABŞ müdafıə nazirinin Azərbaycana gəlişi tərəfdaşlığın inkişafına öz yeni töhfəsini verəcək.
Görüşdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev iştirak edib.