Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 11-də Azərbaycan Respublikasına rəsmi səfər edən İran İslam Respublikasının müdafiə naziri Əhməd Vahidinin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə geniş tərkibli və təkbətək görüşü olub.
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra iranlı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Görüşdə ölkələr arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib. Nazir Səfər Əbiyev bildirib ki, hökumətlər arasında 2005-ci ildə hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra ayrı-ayrı nümayəndə heyətlərinin və işçi qruplarının görüşləri həyata keçirilib. Regionda əməkdaşlığın inkişaf etdirilməsi üçün sabit şəraitin mövcud olmasını əsas şərt kimi diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycan bölgədə sülhün, əmin-amanlığın hökm sürməsini istəyir: “Amma əfsuslar olsun ki, hələlik buna nail ola bilmirik. Regionda təhlükəsizliyin təmin edilməsi üçün ən böyük maneəçilik törədən problem Ermənistanın Azərbaycana təcavüzüdür. Ermənistanın təcavüzkar siyasəti regionda əsas gərginlik mənbəyidir”. Nazir Səfər Əbiyev bildirib ki, buna əsas səbəb bəzi ölkələrin Ermənistanı təcavüzkar kimi tanımaması, bəzilərinin isə sözdə Azərbaycana dost və qardaş ölkə olduqlarını bəyan etməsi ilə yanaşı, işğalçıya iqtisadi və hərbi yardım göstərməsidir.
Görüşdə Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov iştirak edib.