Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Noyabr 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 3-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Vecdi Gönülün Azərbaycanın müdafıə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın, Şəhidlər Xiyabanında Azərbaycan və Türk şəhidlərinin məzarlarını ziyarət etdikdən sonra türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Geniştərkibli görüşdə Səfər Əbiyev bildirib ki, Azərbaycan və Türkiyə tarix boyu bir-birinə arxa olmaqla yanaşı, sınaq günlərində də birlikdə olub, Azərbaycan erməni işğalına məruz qaldığı ilk vaxtlarda da biz bunu yaxından hiss etdik. Nazirin sözlərinə görə, təəssüf doğuran hal odur ki, bir sıra beynəlxalq qurumlarda istər Azərbaycan xalqına, istərsə də Türkiyəyə qarşı yönəlmiş terrorçuluq fəaliyyəti özünün lazımi qiymətini almayıb.
Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılması və problemin danışıqlar yolu ilə həll edilməsi üzrə proseslərin davam etdiyini qeyd edib. Lakin sülh danışıqlarının nəticə vermədiyi halda Azərbaycanın başqa imkanlardan istifadə edəcəyi istisna deyil.
Müdafıə naziri S.Əbiyev görüş zamanı bildirib ki, hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsindəki əlaqələr inkişaf etməkdədir və gələcəkdə də həmin prinsiplər əməkdaşlığın prioritetlərini təşkil edəcəkdir. Nazir sözünə davam edərək deyib ki, bu günkü görüşlərimiz, apardığımız danışıqlar dostluq və əməkdaşlığımızın genişlənməsinə yeni töhfələr verəcəkdir.
Türkiyənin Milli müdafiə naziri Vecdi Gönül də öz növbəsində Azərbaycanla Tükiyənin müxtəlif istiqamətlər üzrə, o cümlədən müdafiə sahəsində geniş əməkdaşlıq məsələlərindən söhbət açaraq perspektivdə də bu əlaqələrin dərinləşdirilməsini zəruri hesab edib.