Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2011 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyulun 25-də ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafıə naziri Anatoli Serdyukovun Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra rusiyalı qonağın Müdafıə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Geniştərkibli görüşdə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Qəbələ RLS ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir S.Əbiyev bildirib ki, Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələr sürətlə inkişaf edir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiya tərəfinin, xüsusilə prezident Dmitri Medvedevin səylərininin təqdirəlayiq olduğunu bildirən Səfər Əbiyev qeyd edib ki, qısa zaman ərzində prezidentlər arasında təşkil edilən çoxsaylı görüşlər problemin sülh yolu ilə həll edilməsinə ümidləri artırır. Eyni zamanda, nazir Səfər Əbiyev bildirib ki, bununla paralel olaraq Azərbaycan öz ordusunu gücləndirməkdə davam edir.
Sonra nazirlər arasında təkbətək görüş keçirilib.