ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 29-da Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinq Azərbaycanın Qazax rayonunun Cəfərli və Ermənistanın Kayan kəndləri arasında yerləşən yoldakı təmas xəttində baş tutacaq.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas keçirəcəklər.
Monitorinq zamanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin sərhədi Azərbaycan tərəfə keçmələri nəzərdə tutulur.