Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Fevral 2024 18:17

Müdafiə Nazirliyi və TƏBİB-in birgə məlumatı

Tibbi-profilaktik tədbirlər məqsədilə andiçmə mərasimləri qapalı keçiriləcək
Fevralın 18-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək.
Məlum olduğu kimi Azərbaycanın müxtəlif regionlarında qızılcaya, eləcə də mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları qeydə alınır. Hazırda ölkəmizin səhiyyə qurumları tərəfindən əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması üçün peyvəndlənmə ilə yanaşı, yoluxma hallarını nəzərə alaraq qapalı məkanlarda sıx toplaşma tövsiyə olunmur.
Azərbaycan Ordusunda hərbi qulluqçuların sağlamlığına xüsusi diqqət yetirilir, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısını almaq məqsədilə hərbi hissələrdə mütəmadi olaraq zəruri profilaktik tədbirlər görülür.
Görülən tədbirlər çərçivəsində valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin hərbi hissələrə girişi, o cümlədən andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq.
Vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik.