Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Fevral 2018 15:23

Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə media nümayəndələrinin görüşü keçirilib

Fevralın 14-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələrinin Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Ordusunun 100 illiyi münasibətilə bayram tədbirlərinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmasının həyata keçirilməsinə həsr olunan görüşü keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından tədbir iştirakçılarını salamlayan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamından irəli gələn tapşırıqların icrasının təmin edilməsi məqsədilə Müdafiə naziri tərəfindən əmr imzalandığını və tədbirlər planının təsdiq edildiyini diqqətə çatdırıb.
Nazir müavini Ali Baş Komandanın diqqət və qayğısı sayəsində son illər Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi hissə və bölmələrin maddi-texniki təminatının gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan geniş islahatlardan danışıb.
General-leytenant K.Vəliyev bildirib ki, artıq əvvəlki dövrlə müqayisədə Orduda əhəmiyyətli yeniliklərin həyata keçirilməsinin nəticəsidir ki, həqiqi hərbi xidməti başa vurmuş xeyli sayda vətəndaşlarımız öz arzuları ilə yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq barədə müraciət edirlər.
Hərbi təhsilin daha da təkmilləşdirilməsi üçün görülən işlərdən danışan nazir müavini bu sahədə ardıcıl dövlət siyasətinin həyata keçirildiyini və Azərbaycanın inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən bəhrələndiyini də qeyd edib.
Kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran general-leytenant K.Vəliyev ordu quruculuğu məsələlərində obyektivliyin və şəffaflığın təmin edilməsi baxımından bu əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.
Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, Milli Məclisin deputatı Aqil Abbas, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, “Teleqraf Holdinq”in rəhbəri Aynur Quliyeva, “Azeridefens” jurnalının baş redaktoru Rəşad Süleymanov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev, “Qaziler.az” saytının rəhbəri Rey Kərimoğlu, “Ordu.az” saytının redaktoru Şahin Qocayev və başqaları ordu-media əməkdaşlığının intensivləşməsini zəruri edən məqamlardan danışaraq istər səmərəliliyin artırılmasına, istərsə də cəmiyyətdə vətənpərvərlik təbliğatının gücləndirilməsinə yönələn təkliflərini səsləndiriblər.
Görüş iştirakçıları bu kimi tədbirlərin aktuallığını nəzərə alaraq bundan sonra da əlaqəli əməkdaşlıq fəaliyyətinin davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.