Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2014 09:00

Müdafiə Nazirliyi ilə Biləsuvar rayon İcra Hakimiyyəti birgə tədbir keçirib

9 Noyabr - Dövlət Bayrağı Günü ərəfəsində Müdafiə Nazirliyi və Biləsuvar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Biləsuvar Olimpiya İdman Kompleksində "Qəhrəmanlıq ənənələrini yaşadaq!" devizi altında kütləvi mərasim keçirilib.
Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində ucaldılmış xalqımızın ümümmilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib qarşısına gül dəstələri qoyub, Şəhidlər Xiyabanında olub və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan liseyin həyətində qəhrəmanın abidəsi önünə qırmızı qərənfillər düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbiri ssenari müəllifi və quruluşçu rejissor Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani açaraq bildirib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən son vaxtlar ölkənin müxtəlif bölgələrində kütləvi hərbi vətənpərvərlik tədbirlərinin təşkili artıq ənənə şəkilini alıb.
Qusar rayon stadionunda Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayevin xatirəsinə həsr olunmuş hərbi şöhrət bayramında, Bərdə şəhərində "Hər şey ordu üçün, hər şey qələbə üçün", Şəmkir şəhər Dövlət Bayrağı meydanında isə "Bu gün gərək hər anımız Vətən desin!" devizi altında keçirilən mərasimlərdə on minlərlə rayon sakini, veteranlar, hərbi qulluqçular iştirak etmişlər.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunmuş baş leytenant Fərid Əhmədovun Vətən torpağına əmanət edildiyi gün-noyabrın 7-də bu tədbirin keçirilməsi heç də təsadüfi deyildir.
Məhz 2010-cu ildə ilk dəfə olaraq respublikamızda Dövlət Bayrağı günü qeyd olunmuşdur. O vaxt Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin də iştirak etdiyi vida mərasimində şəhid atası Ağakərim İbrahimov böyük iftixar hissi ilə demişdir: "Cənab prezident, iki gündən sonra ölkəmizdə ilk dəfə olaraq Dövlət Bayrağı günü keçiriləcəkdir. Biz fəxr edirik ki, şəhidlərimizin cənazəsi üzərinə Azərbaycanın Dövlət Bayrağı sərilmişdir".
Şəhid cənazələri üzərinə sərilmiş həmin bayraqlar altında biləsuvarlı 120-dən çox şəhidin ailə üzvləri Çingiz Mustafayevin ifa etdiyi "Ana, mən şəhid oldum, Vətən sağ olsun!" mahnısının sədaları altında mərasimə dəvət edilmiş və üç minə yaxın tədbir iştirakçısı onları ayaqda qarşılamışlar.
Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olan, Qarabağdan ilk qələbə müjdəsini gətirəcək mübarizlərin, fəridlərin davamçıları olan Azərbaycan əsgərlərini də tamaşaçılar hərarətlə qarşılayaraq onlara güvəndiklərini, onların gücünə inandıqlarını gurultulu alqışarla bir daha təsdiq etmişlər.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev mərasim iştirakçılarını salamlayaraq Dövlət Bayrağı günü ərəfəsində belə bir möhtəşəm tədbirin təşkilinin ata-babaların qəhrəmanlıq ənənələrinin təbliğində və gənclərin vətənpərvərlik tərbiyəsində, onlarin orduya hazırlanmasında mühüm əhəmiyyət kəsb edəcəyini, biləsuvarlıların da bu gün Ali Baş Komandanın hər bir əmrinə hazır olacaqlarının təntənəsinə çevriləcəyini qeyd edib.
İcra başçısı Müdafiə naziri general-polkivnik Zakir Həsənova belə bir tədbirin Biləsuvar rayonuda keçirilməsinə göstərdiyi köməyə görə minnətdarlığını bildirib.
Mərasimdə Azərbaycanın xalq artisti Zümrüd Məmmədova, əməkdar artist Hüsniyyə Heybətova, respublika muğam müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, tanınmış müğənni Bəyimxanım Vəliyeva, bədii qiraət ustası Məleykə Alıqızı, aktyor Elxan Rza və Silahlı Qüvvələrin Mahnı və Rəqs ansamblının ifasında vətənpərvərlik marş, mahnı, şeir və rəqsləri təqdim olunub.
Tədbirin sonunda millət vəkili, profesor Xanhüseyn Kazımlı, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov respublika prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və mərasimin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.