Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyinin digər rəhbər heyəti HHQ-nin yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış iki hərbi hissəsinin açılış mərasimində iştirak ediblər.
Şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan Müdafiə naziri ərazidəki qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqələri, yeməkxanalar, sinif otaqları, ərzaq və əşya anbarları, hamam-camaşırxana qazanxana kompleksləri, sıra meydanı, nəzarət buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.
Bildirilib ki, hərbi hissələrdə yaradılan şərait HHQ-nin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək, hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin edəcək.
Sonra general-polkovnik Z.Həsənov əsaslı təmirdən çıxan hərbi hissənin ərazisindəki Uçuşların idarəedilməsi məntəqəsi və pilotsuz uçuş aparatlarının (PUA) yerüstü idarəetmə stansiyasına da baxış keçirib. Müdafiə nazirinə məruzə edilib ki, müasir avadanlıqlarla təchiz edilmiş idarəetmə məntəqəsi və yerüstü stansiya hərbi aviasiya vasitələrinin və PUA-ların uçuşlarının fasiləsiz və keyfiyyətli koordinasiyasını təmin edəcək.
Müdafiə naziri hərbi aviasiyanın imkanlarının daha da artırılması ilə əlaqədar komandanlığa müvafiq tapşırıqlar verib.
***
Daha sonra Müdafiə naziri hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı olaraq hərbi hospitalın əsaslı təmir edilmiş yoluxucu xəstəliklər bölməsinin açılışında iştirak edib.
Açılış mərasimində qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir, hərbi hissələrdə müasir standartlara cavab verən tibbi infrastruktur yaradılır.
Yoluxucu xəstəliklər bölməsindəki şəraitlə tanış olan Müdafiə naziri manipulyasiya və diaqnostika otaqları, intensiv terapiya palatası, yarım boks və tam boks tipli palatalar, nəzarətdə qalan xəstələr üçün ayrılmış palata və xəstələrin qəbulu otağına baxış keçirib.
Bildirilib ki, inkişaf etmiş ölkələrdə istehsal edilən ən müasir tibbi avadanlıqlarla təchiz edilən bölmədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb.
Sonda Müdafiə naziri tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.