Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Noyabr 2016 09:00

Müdafiə naziri Silahlı Qüvvələrin tibb xidmətinin rəhbər heyəti ilə görüşüb

Noyabrın 24-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi tibb xidmətinin il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş toplantı keçirilib.
Toplantı iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın foyesindəki büstü önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev il ərzində qoşunlarda şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraitinin səviyyəsinin yaxşılaşdırılması, eləcə də hərbi tibb müəssisələrinin müasir avadanlıqla təchiz edilməsi istiqamətində görülən işlər barədə məlumat verib. İdarə rəisi vurğulayıb ki, müayinə və müalicə işinin təkmilləşdirilməsi, hərbi qulluqçuların, onların ailə üzvlərinin sağlamlıq vəziyyətinin qorunması və tibbi təminatının müasir tələblərə uyğun təşkil edilməsi daim diqqət mərkəzində saxlanılır.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov toplantıda çıxış edərək Silahlı Qüvvələrin döyüş qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə aparılan irimiqyaslı quruculuq işlərinin ölkə rəhbərliyinin, şəxsən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzində olduğunu xüsusi qeyd edib.
2017-ci tədris ili üçün qarşıda duran vəzifələrdən danışan nazir bu gün ölkə rəhbərliyinin əsas məqsədinin Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da gücləndirilərək torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsinin yerinə yetirilməsi olduğunu vurğulayıb. Nazir bu baxımdan tibb xidməti zabitlərinin üzərinə düşən məsuliyyəti artırmalarının, hərbi tibb müəssisələri rəhbərliyinin hərbi bölmələrin döyüş qabiliyyətinin möhkəmləndirilməsinə töhfə verməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra nazir zabitləri maraqlandıran sualları cavablandırıb və bir sıra məsələlərə aydınlıq gətirib.
Hərbi xidmətdə fərqlənən bir qrup zabitə medallar təqdim olunub.
Sonda nazirliyin rəhbərliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisində Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin yeni inşa edilən binasında görülən işlərlə tanış olub.