Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Noyabr 2019 10:57

Müdafiə naziri Litvanın Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.
Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Litva arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların inkişaf etdirilməsinin, o cümlədən hərbi qulluqçular üçün təşkil olunan kurslarının davamının və onların dinləyicilərinin sayının artırılmasının zəruriliyi də xüsusi qeyd edilib.
Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Litva əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
E.Navikas öz növbəsində Litvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.
Tərəflər regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.