Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HDQ-nin hərbi hissələrindən birində yeni inşa edilən infrastruktur obyektinin açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri qərargah, matros yataqxanaları, tibb məntəqəsi, digər xidməti və inzibati otaqlara, eləcə də ərazidəki qurğu və avadanlıqlara baxış keçirib.
Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin hərbi hissə qarşısında qoyulan vəzifə və tapşırıqları daha keyfiyyətli və effektiv icra etməsinə imkan yaradacaq.