Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2023 14:53

Müdafiə naziri Gürcüstanın Müdafiə Qüvvələri komandanı ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın mövcudluğunu diqqətə çatdırıb.
Azərbaycan, Türkiyə və Gürcüstanın ikitərəfli və üçtərəfli əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirən nazir bunun regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi vurğulayıb.
General-polkovnik Z.Həsənov Qarsda keçirilən “Qış təlimi - 2023”də hərbi qulluqçuların yüksək peşəkarlıq nümayiş etdirdiyini qeyd edərək, birgə təlimlərin ordularımız arasında təcrübə mübadiləsində və döyüş qabiliyyətinin daha da yüksəldilməsində mühüm rol oynadığını bildirib.
Müdafiə naziri Cənubi Qafqazın ölkə rəhbərlərinin iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən plenar iclasdakı görüşün əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin "biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun" sözlərini xatırladan nazir regionda sülhün təmin olunması istiqamətində görülən işlərdən danışıb.
General-mayor G.Matiaşvili səmimi qəbula görə minnətdarlığını ifadə edib.  Ölkələrimiz arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional təhlükəsizliyə töhfə verdiyini qeyd edib.
Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil  sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.