Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov 15 iyun - Milli Qurtuluş Günündə Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən “Dəniz təməl komando kursu”nun növbəti buraxılış mərasimində iştirak edib.
Əvvəlcə müdafiə naziri və şəxsi heyət hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzərək ehtiramlarını nümayiş etdiriblər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində çıxış edən nazir şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində bu kimi kursların əhəmiyyətini xüsusi vurğulayıb, Milli Qurtuluş Günü münasibətilə məzunları və bütün şəxsi heyəti təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb. General-polkovnik Z.Həsənov çıxışında Türkiyə Silahlı Qüvvələrinin modeli nəzərə alınmaqla Azərbaycan Ordusunda aparılan islahatlar nəticəsində müsbət istiqamətdə baş verən dəyişikliklərdən danışıb.
Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun bütün hərbi qulluqçuları kimi, dəniz piyadalarının da şücaətini xüsusi vurğulayan nazir hərbçilərimizin qəhrəmanlıqlarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Türkiyəli peşəkar təlimatçıların da cəlb olunduğu kursun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə müdafiə naziri türkiyəli zabitlərə və bütün heyətə təşəkkürünü bildirib.
Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub və məzunlara sertifikatlar təqdim edilib. Kursda fərqlənən hərbi qulluqçular və təlimatçılar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Müdafiə naziri dəniz piyadalarının istifadəsində olan silah və texniki vasitələrdən ibarət sərgiyə baxış keçirib.
Sonda hərbi hissənin ərazisindəki təlim poliqonunda sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları nümayiş etdirilib.