"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2019 15:52

Müdafiə naziri: “Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ikili standartlara yol verilir”

Aprelin 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ilə görüşüb.
Müdafiə naziri səfiri yeni təyinatı ilə əlaqədar təbrik edərək onun ölkəmizdə diplomatik fəaliyyəti dövründə Azərbaycan-ABŞ münasibətlərinin daha da genişlənəcəyinə əminliyini bildirib.
Azərbaycan ilə ABŞ arasında əlaqələrin NATO proqramları çərçivəsində və ikitərəfli əsasda qurulduğunu qeyd edən Müdafiə naziri hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb. Nazir təəssüf hissi ilə bildirib ki, bir sıra aparıcı dövlətlər və beynəlxalq təşkilatlar bəzi münaqişələrdə iştirak edən tərəflərə təsir göstərdikləri halda, Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ikili standartlara yol verirlər.
Ö.Litzenberqer də öz növbəsində Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edərək fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edən amerikalı diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.
ABŞ-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyət kəsb etdiyini qeyd edən səfir Azərbaycan Ordusunda aparılan islahatları izlədiyini və bu sahədə əldə edilən nailiyyətləri yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. İki ölkə arasında hərbi əməkdaşlığa toxunan Ö.Litzenberqer Azərbaycan sülhməramlılarının Əfqanıstanda keçirilən missiyada iştirakından məmnunluq ifadə edib.
Sonra tərəflər regional və ikitərəfli əməkdaşlıq, Xəzər dənizi və mühüm enerji infrastrukturlarının təhlükəsizliyi, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, hər iki ölkənin hərbi təhsil üzrə mütəxəssislərinin qarşılıqlı səfərləri, həmçinin maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.