Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının diqqət və qayğısı nəticəsində ordu quruculuğu üzrə şəxsi heyətin xidmət, sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması istiqamətində inamlı islahatlar həyata keçirilir, ordunun maddi-texniki təminatı gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastrukturlar qurulur.
Ölkə rəhbərliyinin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti bu istiqamətdə görülən işlərlə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə edilməsi məqsədilə cəbhəboyu zonada yeni tikilən hərbi hospitalın açılışında olub.
Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.
Məruzəyə əsasən, 150 çarpayılıq hərbi hospitalın 6 hektar ərazini əhatə etdiyi bildirilib. Burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də 450 kubmetr həcmində su anbarı, əsgər yeməkxanası, ərzaq və əşya anbarı, hamam-camaşırxana-qazanxana kompleksi, 60 yerlik avtodayanacaq, nəzarət buraxılış məntəqəsi inşa edilib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, abadlıq işləri görülüb, asfalt örtüyü salınıb.
Hərbi hospitalda sahəsi 7267 kvadratmetr olan ikimərtəbəli diaqnostika mərkəzi də inşa olunub. Mərkəzdə qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, doqquz nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul şöbəsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomotologiya, oftalmologiya, yuma-dezinfeksiya, genekologiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermotologiya və efferent bölmələri yaradılıb.
Bildirilib ki, Almaniya, ABŞ, Yaponiyada və digər qabaqcıl ölkələrdə istehsal edilən, tibbin son nailiyyətləri olan avadanlıqlarla təchiz edilən palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur. Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz təminatı üçün UPS sistemi, ehtiyat generator qurğusu, su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunub. Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2 reanimobildən ibarət qrup yaradılıb və təxliyə üçün hospitalın ərazisində helikopter meydançası salınıb.
Müdafiə naziri yeni istifadəyə verilən hərbi hospitalda yaradılan şəraitlə tanış olduqdan sonra tibbi personalla görüşüb, onları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
Sonda qurbanlıqlar kəsilib və xatirə şəkilləri çəkdirilib.