Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 2019 10:20

Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi hissədə olub - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatlara əsasən cəbhəboyu zonanın müxtəlif istiqamətlərində yeni hərbi obyektlərin tikintisi davam etdirilir.
Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar  Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektlərdə olublar.
Müdafiə nazirinə məruzə edilib ki, ilin sonunadək istifadəyə verilməsi planlaşdırılan bu hərbi şəhərciklər su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə tam təmin olunacaq, hərbi obyektlərdə ən müasir qurğular quraşdırılacaqdır.
Bildirilib ki, bu hərbi şəhərciklərdə qərargahlar, zabit və əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğular inşa ediləcək. Eyni zamanda  hərbi qulluqçuların yaşayışı və xidməti-döyüş tapşırıqlarını yerinə yetirmələrini təmin etmək məqsədilə müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana-hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektlərinin tikilməsi də nəzərdə tutulub.
Yeni inşa edilən hərbi hissədə aparılan tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.