Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Mart 2016 09:00

Müdafiə naziri ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxlerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin tənzimlənməsi istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.
“Ermənistanın cinayətkar, terrorçu rəhbərliyi dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı dövlət siyasəti səviyyəsində həyata keçirib. Bu gün də qoşunların təmas xəttində gərginliyin artırılmasında Ermənistanın kriminal hərbi-siyasi rejimi bilavasitə günahkardır. Münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, Azərbaycanın dövlət sərhədləri daxilində həllinin yeganə yolu dünya ictimaiyyətinin birgə fəaliyyətilə işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılmasıdır. Silahlı Qüvvələrimiz ərazi bütövlüyümüzün bərpa edilməsinə hazırdır və bu şərəfli vəzifəni yerinə yetirmək üçün kifayət qədər gücə və qüvvəyə malikdir”, - deyə Müdafiə naziri qeyd edib.
Ətraflı məlumata görə minnətdarlığını ifadə edən Günter Baxler hazırda ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniyanın prioritetləri haqqında danışıb, regional sülhə və sabitliyə təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət ayrıldığını bildirib.
Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.