Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2017 18:46

Müdafiə naziri “Açıq qapı” günündə Qusar rayonunda olub

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə hərbi hissələrdə əsgər valideynləri və yaxınları, ictimaiyyət nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Qusar qarnizonunda yerləşən hərbi hissədə “Açıq qapı” günündə iştirak edib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov, Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov və nazirliyin digər rəhbər heyəti hərbi hissənin ərazisində ucaldılan ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər.
Sonra tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adını daşıyan küçədəki barelyefinin önünə də gül dəstələri qoyaraq şəhidlərimizin xatirəsini bir daha ehtiramla anıblar.
Daha sonra nazir və digər rəhbər şəxslər əsgər yaxınları, valideynləri ilə birlikdə bayram şənliyində iştirak ediblər.
“Açıq qapı” günündə hərbi hissəyə gələn vətəndaşlar şəraitlə tanış olub, xidməti və inzibati binalara, əsgər yataqxanaları və yeməkxanaya baş çəkiblər. Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirilən görüşdə valideynləri narahat edən məsələlər müzakirə olunub və onların sualları cavablandırılıb. Əsgər valideynlərini dinlədikdən sonra nazir bir sıra məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Xatirə olaraq hərbi hissə ərazisində Eldar şamı ağacları əkildikdən sonra Müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.