Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2020 12:51

MOİK təmsilçimiz ikiqat Avropa çempionu olub

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının ikinci yarış günündə - fevralın 11-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçisi baş leytenant Rafiq Hüseynov çətinlik çəkmədən əvvəlcə niderlandlı güləşçiyə qalib gəlib. İsveç təmsilçisi ilə görüşdən də üstünlüklə ayrılan güləşçimiz yarımfinala yüksəlib.
Növbəti görüşdə italiyalı rəqibinə qalib gələn MOİK təmsilçisi R.Hüseynov doqquz illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb.
Fevralın 12-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində təsəlliverici görüşlər, axşam seansında isə medal qarşılaşmaları keçirilib.
Finalda 82 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz R.Hüseynov həlledici qarşılaşmada Bolqarıstan idmançısı Daniel Tixomirov-Aleksandrov  ilə üz-üzə gələrək onu 2:1 hesabı ilə məğlub edib.
Beləliklə yunan-Roma güləşçimiz R.Hüseynov qızıl medal qazanaraq ikiqat Avropa çempionu adına sahib olub.