Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2019 12:54

“MOİK” futbol komandası I Divizionun qalibi olub

Azərbaycanın futbol üzrə birinci divizionunda yarışların sonuna bir tur qalmış “MOİK” futbol komandası çempionluğunu rəsmiləşdirib.
Ötən turda Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda “Qaradağ”la qarşılaşan hərbçilər hər hissədə bir qol vurmaqla səfərdə qələbə qazanıb. MOİK-in heyətində 9-cu dəqiqədə Bahadur Həziyev, 73-cü dəqiqədə isə Orxan Həsənov fərqləniblər.
Bununla da MOİK 18 ildən sonra yenidən zirvəyə yüksələrək Azərbaycan peşəkar futbol klublarının çıxış etdiyi Premyer Liqaya vəsiqə qazanıb.
MOİK sonuncu dəfə 2000/01 mövsümündə 1-ci divizionda 1-ci yeri tutub. Bundan sonra 10 dəfə divizionda oynasa da, “hərbçilər” ən yaxşı halda 2008 və 2010-cu illərdə iki dəfə 2-ci yeri tutaraq, hər iki halda elitaya vəsiqə qazanıb.
Onu da əlavə edək ki, MOİK son dəfə yüksək liqada 2010/11 illər mövsümündə çıxış edib.
MOİK futbol klubunun baş məşqçisi Azər Bağırov: “Hədəfimiz Premyer Liqada da qalib olmaqdır”
Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu (MOİK) Azərbaycan Ordusunu beynəlxalq və respublika səviyyəli yarışlarda peşəkar səviyyədə uğurla təmsil edir. Ordu klubunun növbəti uğuru futbol sahəsində olub. Çıxış etdiyi birinci divizionda sona bir tur qalmış MOİK futbol klubunun çempionluğu rəsmiləşib.
Müsahibimiz komandanın baş məşqçisi Azər Bağırovdur.
- MOİK-ə necə gəldiniz?
- Rəhbərlik “MOİK” futbol komandasının daha böyük uğurlar qazanmasını təmin etmək məqsədilə mənimlə əmkdaşlıqda maraqlı olduğunu bildirdi. Danışıqlardan sonra mövsümün sonuna qədər olan müddətə müqavilə imzaladıq. Ötən mövsümün son 7 turunda komandaya artıq mən başçılıq etdim. Görünür, qazanılan nəticələr rəhbərliyi qane edib ki, mənə yeni mövsüm üçün də müqavilə təklifi edildi.
- 2018-ci ilin martında komandaya gəldiniz. Sona 7 tur qalmış nə düşünürdünüz?
- Fikirləşirdim ki, burdayamsa, deməli mənə inanıblar və bu inamı doğrultmaq lazımdır. Düşünürdüm ki, bu gün mənə etimad göstərənlərin inamını doğrutmalıyam və gələcəkdə nə isə alınarsa və onların da təklifi olarsa, oturub bu haqda düşünmək olar. Düşündüm ki, niyə də bunu MOİK-də etməyim. Komanda hansı divizionda çıxış etməsindən asılı olmayaraq öz dəst-xəttinə malik klub kimi yaddaşlardadır.
- Bəs müqaviləniz mövsümün əvvəlində yenilənərkən rəhbərlik qarşınıza hansı hədəfləri qoydu?
- Yeni mövsümə yaxşı və iddialı hazırlaşmışdıq. Rəhbərlik də qarşıya çempion olmaq hədəfi qoydu. Amma limitin dəyişməsi, meydanda azı 2001-ci il təvəllüdlü bir futbolçunun olmasının məcburi qayda olması, bu səbəbdən də yeni gənc oyunçuların cəlb edilməsi zərurəti bir qədər problem yaratdı. Çünki biz yaşlı oyunçular seçmişdik və limitə düşən yetərli qədər oyunçumuz yox idi. Amma zaman keçdikcə hər şey öz yerini aldı, uğurlarımız artdı və rəhbərliyin də qayğısını üzərimizdə hiss etdik. İlk dövrdə cəmi 2 məğlubiyyət oldu ki, onlar da ilin sonuna doğru komandada “böhran”ın yaşandığı dövrə təsadüf etdi. Bununla belə, oyunları, demək olar ki, 95 faiz eyni heyətlə oynamağımız çətinlik yaradırdı.
Həmişə istəmişəm ki, yaxşı kollektiv formalaşdıra bilim. Komandada, olduğum hər yerdə elə abu-hava yaratmaq istəyirəm ki, hamı rahat olsun, öz fikrini və emosiyalarını meydanda məşqçiyə deyə bilsin. Rahatlıq və qarşılıqlı inam olan yerdə uğur olmalıdır. Mən hiss edirəm ki, burda həmin abu-havanı yarada bilmişik. Elə mühit yaratmışıq ki, hamı oynamağa hazır olsun. Çünki bu gün əsas heyətdə olub ən yaxşı çıxış edən oyunçu, sabah ehtiyatda da otura bilər. Belə olduqda digər oyunçular da özünü artıq lazımsız hiss etmir. Ehtiyatda əyləşən futbolçu da bilir ki, bəzən ən lazımlı oyunçu ola bilər.
- İlk dövrədə komanda 9-u qələbə olmaqla, 10 oyunluq məğlubiyyətsizlik seriyası yaxalamışdı. Amma dövrənin son 3 oyununda 2 məğlubiyyət, 1 heç-heçə oldu.
- “Neftçi-2”yə qarşı oyunumuz heç alınmadı. Futbolda, ümumiyyətlə idmanda belə bir qayda var: 5-6 oyundan bir uğursuzluq olur. Uğursuzluğun əsas səbəbi Zaqatalada üzə çıxdı. Həmin oyunda 1988-ci il təvəllüdlü limitə düşən futbolçumuzun qırmızı vərəqə alması istər-istəməz növbəti oyunda “Qaradağ Lökbatan"a uduzduğumuz matçda da problem yaratdı. Bir sözlə, limitə düşən 3 əsas heyət oyunçumuzun yoxluğu planlarımızı alt-üst etdi. Həm də həmin matçda məcburiyyətdən əsas oyun sistemimiz olan 3-4-3-dən 3-5-2-yə keçməli olmuşduq.
- Fasilə ərəfəsində liderliyi əldən verən komanda, görünür, qışda ikinci dövrəyə çox gözəl hazırlaşıb. Premyer Liqaya vəsiqənin təmin edilməsi belə düşünməyə əsas verir.
- Qış fasiləsində bir neçə yaşlı futbolçu ilə vidalaşdıq. Rəhbərliklə kiçik iclas da keçirdik. Limitə düşən azı 3-4 futbolçu tapmağın zəruri olduğunu müzakirə etdik. Rəhbərlik də sağ olsun, komandaya qayğısını həmişə olduğu kimi, yüksək səviyyədə göstərdi. 1998-99-cu il təvəllüdlü futbolçular dəvət elədik. Bununla da gücləndirmək istədiyimiz zonalara futbolçu cəlb etdik. Həmin iclasda mən də rəhbərliyə söz verdim ki, ikinci dövrənin 5 oyunundan sonra lider olacağıq. Doğrudan da, 5 tur keçəndən sonra 1-ci yerə çıxdıq. Həmin o 5-ci oyunumuz səfərdə “Sumqayıt-2”yə qarşı idi və qələbə qazandıq. Həmin oyunda uşaqlar cüzi səhvlərə yol verməklə möhtəşəm futbol göstərdilər.
- Ümumiyyətlə, komanda ikinci dövrədə ardıcıl 9 qələbə qazandı. Bu klub üçün tarixi nəticədir. Çünki indiyə qədər nə elitada, nə də birinci divizionda belə seriya olmamışdı. Rekordçu məşqçi kimi MOİK tarixinə düşdünüz...
- İnanın ki, rekord barədə o qədər də fikirləşmirdim. Əsas diqqəti komandanın ümumi vəziyyətinə, nümayiş etdirdiyi futbola yönəltmişdik. Qələbələr sevindiricidir, amma mən daha çox ardıcıl qələbələrin bir gün bitəcəyi haqqında düşünürdüm. İstər-istəməz komandanın arabir zəif oyunun olması da normaldır.
- Hər halda sona bir oyun qalmış çempionluğu da rəsmiləşdirdiniz.
- Bilirsiniz, MOİK birinci divizionda elə dəst-xətt yaradıb ki, bütün komandalar liderə qarşı daha əzmlə mübarizə aparmaq, özlərini göstərmək və xal qazanmaq istəyirlər. Bu, bir yandan işimizi çətinləşdirir, digər yandan da işimizə zövq, maraq qatır. İkinci dövrənin oyunlarında rəqiblər bizə qarşı tam fərqli oynamağa başladılar. Amma dövrəni istədiyimiz kimi keçirməyə nail oluruq. Bizi "Zaqatala" ilə oyundan da çətin "Qaradağ Lökbatan"la görüş gözləyirdi. Əlimizdən gələnin ən yaxşısını edib bu oyundan da qalib ayrıldıq və çempionluğumuzu qeyd etdik. Belə ki, Premyer Liqaya vəsiqəni sona 4 tur qalmış qazanmış komandamız, divizionda da 1-ci  olmağı təmin etməklə 18 ildən sonra bunu yenidən bacarmış oldu.
- Premyer Liqaya vəsiqə təmin edildi. Sonra... ?
- Rəhbərlik də qarşıya çempionatı birinci sırada bitirib qızıl medallar qazanmağı məqsəd qoymuşdu. Biz bunu bacardıq. Məqsədimizə çatdıq. Nə rəhbərliyin, nə də futbolçuların çəkdikləri əmək boşuna olmadı. Hədəfimiz Premyer Liqada da qalib olmaqdır.