Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı mayor Əfqan Hüseynovun xatirəsinə həsr olunmuş ənənəvi futbol turniri keçirilir.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnir iştirakçılarını salamlayan liseyin rəisi polkovnik Rüfət Əmirov onlara gərgin mübarizədə uğurlar arzulayıb.
Liseyin zabiti polkovnik-leytenant Kamran Nəsibov qəhrəmanın şərəfli həyat və döyüş yolundan danışıb. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsinin diam hörmətlə anıldığını vurğulayan K.Nəsibov bildirib ki, neçə ildir ənənəvi olaraq liseyin məzunu, Azərbaycanın Milli Qəhrəmanı mayor Əfqan Hüseynovun xatirəsinə həsr edilən futbol turniri keçirilir.
Qeyd olunub ki, erməni işğalçıları torpaqlarımıza hücum edəndə başqa vətənpərvər zabitlərimiz kimi Ə.Hüseynov da ağır döyüşlər gedən Qubadlı, Laçın bölgəsinə yollanıb. Şərəfli ömür və döyüş yolu keçən mayor Ə.Hüseynov 1992-ci il noyabrın 1-də üzərinə düşən tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Ümummilli lider Heydər Əliyevin 1995-ci il 15 fevral tarixli fərmanı ilə döyüşlərdə göstərdiyi igidliyə görə Ə.Hüseynova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Sonra "Neftçi" komandasının əfsanəvi futbolçusu, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov çıxış edərək bildirib ki, bu cür tədbirlərin keçirilməsinin gələcəyin zabitləri üçün çox böyük tərbiyəvi əhəmiyyəti vardır. Müdafiə Nazirliyində müntəzəm olaraq şəhidlərin xatirəsinə həsr olunan tədbirlər keçirilir. Bu, şəhidlərin xatirəsinə ən böyük hörmət və ehtiramdır. Gələcəyin zabitləri görürlər ki, torpaq uğrunda şəhid olanlar heç vaxt unudulmur.
"Neftçi" futbol komandasının veteranı, Futbol Veteranları Şurasının sədri Oktay Abdullayev, beynəlxalq dərəcəli hakim, Regional Futbol Federasiyasının baş katibi Füzuli Nəcəfov, Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri Nüvər Xasiyev və başqaları da çıxış edərək turnir iştirakçılarına uğurlar arzulayıblar.
Futbol turniri oktyabrın 20-dək davam edəcəkdir. Yarışın kuboku da elə həmin gün təntənəli surətdə qaliblərə təqdim olunacaqdır.